Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü
İyulun 12-də Azərbaycanın Baş naziri Əli Əsədov Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən bildirilib. Məlumata görə, görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilmiş iclasının müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın Ukrayna xalqına göndərdiyi humanitar yardımlara görə minnətdarlıq ifadə olunub.
Görüş zamanı Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin gündəliyinin aktual məsələləri, o cümlədən iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.