Dünya

Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb


Çexiyanın Karlovı Varı şəhərində keçirilən 59-cu Beynəlxalq Kino Festivalı işini yekunlaşdırıb. SİA xəbər verir ki, kino müsabiqəsinin əsas mükafatı slovakiyalı rejissor Miro Remonun “Sıx meşədə dəli olmaq daha yaxşıdır” sənədli filminə təqdim olunub. Film Şumava dağ bölgəsinin qoruq meşələrində yaşayan qeyri-adi tənha qardaşlar – əkizlər Frantişek və Ondrjey Klişikdən bəhs edir. Onlar əziz ev heyvanları ilə əhatədə, sehrli bir dünyada “əbədi uşaqlar” kimi yaşayırlar.

Festivalın prezidenti mükafatına tanınmış montaj ustası İrji Brojek layiq görülüb. Onun kino karyerası 1970-ci illərdə başlayıb, o, İrji Mentsel, Vera Xitilova, Ladislav Smolyak, Karel Kaxinya və digər məşhur rejissorlarla çalışıb.

Münsiflər heyətinin xüsusi mükafatı iranlı rejissor Soheyl Beyraqinin “Bidad” filminə verilib. Film qadınlara demək olar bütün hüquqları qadağan edən sərt rejimə baxmayaraq, müğənni olmaq arzusundan vaz keçməyən bir qızın hekayəsindən bəhs edir.

Festivalda, həmçinin çexiyalı aktrisa Katerjina Falbrova “Xormeyster” filmindəki roluna görə yüksək qiymətləndirilib.

Gündəlik “Právo” qəzetinin tamaşaçı rəğbəti mükafatına isə festivalın prezidenti İrji Bartoşka haqqında “Bunu çərçivəyə salmalıyıq!” sənədli filmi layiq görülüb. Qeyd edək ki, İrji Bartoşka 2025-ci il mayın 8-də vəfat edib.

Kino sənətinə misilsiz töhfəsinə görə mükafat isə isveçli aktyor, prodüser və ssenarist Stellan Skarsqarda təqdim olunub. O, festivalda Yoakim Trieranın “Sentimental dəyər” (Sentimental Value) filmini təqdim edib.