İqtisadiyyat

Kirayə qalmaq seçim, yoxsa zərurətdir?


“Hazırda Bakı şəhərində kirayə mənzildə yaşayanların böyük əksəriyyəti bu şəraitdə yaşamağa zərurətdən məcbur qalıblar. Bunun əsas səbəblərindən biri regionlarda məşğulluq imkanlarının məhdud olması və gəlir əldə etmə şərtlərinin zəifliyidir. Bu şəraitdə insanlar daha çox qazanc ümidi ilə Bakı şəhərinə üz tuturlar. Lakin paytaxta köç edən ailələrin əksəriyyətinin burada daşınmaz əmlak almaq imkanları məhduddur. Belə ki, onların ilkin mənzil və ya mülk sahibi olmaq üçün kifayət qədər maliyyə resursları yoxdur. Bu səbəbdən kirayədə yaşamaq onlar üçün yeganə çıxış yoluna çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Bakı şəhərində kirayə mənzil bazarında qiymətlərin artması da bu miqrasiya axını ilə birbaşa əlaqəlidir. Regionlardan gələn əmək miqrantlarının sayının artması nəticəsində kirayə mənzillərə tələbat çoxalmış, bu da qiymətlərin yüksəlməsinə səbəb olmuşdur. Statistik məlumatlara əsasən, Azərbaycan əhalisinin 1.6–1.7 milyonu rəsmi olaraq Bakı şəhərində yaşayır. Lakin qeyri-rəsmi şəkildə bu rəqəm 5 milyona yaxın qiymətləndirilir. Bu şəxslərin böyük bir hissəsi kirayədə yaşamaqdadır və onların çoxu rəsmi qeydiyyatda belə deyil.

Digər ölkələrlə müqayisə etdikdə, məsələn Almaniyada əhalinin təqribən 70–80 faizi kirayə mənzillərdə yaşayır. Lakin bu, orada hüquqi və sosial sistemin fərqliliyi ilə izah olunur. Belə ki, Almaniyada şəxsi mülkiyyətin əldə olunması ciddi hüquqi prosedurlarla müşayiət olunur və bu, insanların kirayə mənzillərdə yaşamasını stimullaşdıran amillərdən biridir. Bundan fərqli olaraq, Azərbaycanda, xüsusilə Bakı şəhərində kirayədə yaşayanların təxminən 90 faizi bu şəraitə məcburiyyət səbəbindən düşmüşdür. Onların şəxsi mülkiyyət əldə etmək imkanı real deyil. Nəticə etibarilə, Bakı şəhərində kirayə mənzil bazarının genişlənməsi və qiymətlərin artması əsasən regionlardan olan əmək miqrantlarının sosial-iqtisadi vəziyyəti ilə əlaqəlidir. Bu isə öz növbəsində ölkədə ərazi üzrə sosial bərabərsizliyin və regionlararası inkişaf fərqlərinin daha dərindən təhlilini və tənzimlənməsini zəruri edir”.

Ayşən Vəli