Siyasət

“Azərbaycanın enerji diplomatiyası yeni strateji marşrutla daha da güclənə bilər”


“Suriya prezidenti və nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri bir sıra mühüm geosiyasi və enerji əməkdaşlıqlarının gündəmə gəlməsi ilə diqqət çəkdi. Səfər çərçivəsində müzakirə olunan məsələlərdən biri də Azərbaycan qazının Suriyaya, oradan isə İordaniya və Misirə qədər çatdırılması ehtimalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, bu marşrutun reallaşması Azərbaycanın enerji siyasətində yeni və strateji əhəmiyyətli bir mərhələnin başlanğıcı ola bilər: “İlk növbədə, bu təşəbbüs Azərbaycanın enerji ixrac marşrutlarını diversifikasiya etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir Avropa bazarlarına çıxış üçün əsasən Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri vasitəsilə qaz nəql edir. Lakin yeni Cənub marşrutu – yəni Suriya üzərindən ərəb ölkələrinə qaz ixracı – ölkəmizə əlavə bazarlara çıxış imkanı yaradaraq enerji diplomatiyasını daha da gücləndirə bilər. Bu marşrutun reallaşması həm də Azərbaycanla ərəb dünyası arasında enerji sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Bu, yalnız iqtisadi deyil, siyasi baxımdan da ölkəmizin mövqeyini gücləndirə bilər. Xüsusilə Misir və İordaniya kimi mühüm ərəb ölkələri ilə enerji əməkdaşlığı, Azərbaycanın regional təsir imkanlarını artıracaq. Lakin bu layihənin reallaşması bir sıra riskləri də özündə ehtiva edir. Suriyada hələ də davam edən siyasi qeyri-sabitlik, bəzi bölgələrin nəzarətsiz olması və sanksiya riski bu layihənin icrasını çətinləşdirə bilər. Bundan əlavə, bu marşrutun təhlükəsizliyi və maliyyə dayanıqlılığı da ciddi planlaşdırma və beynəlxalq tərəfdaşlıq tələb edir.

Ümumilikdə, əgər bu marşrut uğurla reallaşarsa, bu, Azərbaycanın enerji strategiyasında yeni bir səhifənin açılması, Yaxın Şərqə çıxış qapısının əldə olunması və ölkəmizin enerji ixracatçısı olaraq geosiyasi çəkisinin artması anlamına gələcək”.