Siyasət

Baş Prokurorluq Ağdamda regional konfrans keçirir


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda regional konfrans təşkil olunub. SİA xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə prokurorluq orqanları tərəfindən təşkil olunan silsilə tədbirlərin davamı olaraq, bu gün Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.

Konfransda 10-a yaxın regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov və digər rəsmilər iştirak edir.