Putin Trampın ultimatumunu rədd edir…
Donald Trampın Rusiya neftini alan ölkələrə 100 faizlik gömrük rüsumları tətbiq etməklə hədələməsi və atəşkəs tələbi ilə 50 günlük ultimatum verməsi Rusiyanın ali rəhbərliyinin fikrindən daşındıra bilməyib.
SİA-nın məlumatına görə, Kremlə yaxın üç mənbə Reuters agentliyinə bildirib ki, Vladimir Putin ABŞ-ın sanksiyalarının sərtləşdirilməsi perspektivindən qorxmur və Qərb onun nizamlanma şərtləri ilə razılaşana qədər müharibəni davam etdirməkdə qərarlıdır.
Onlar deyirlər ki, artıq Ukrayna ərazisinin beşdə birinə nəzarət edən Rusiya qoşunları irəlilədikcə Putinin ərazi iddiaları genişlənə bilər.
Mənbələrdən biri Reuters agentliyinə bildirib ki, yaxın aylarda döyüş meydanında yeni eskalasiya mümkündür. Digər iki mənbə bildirib ki, Qərb kəşfiyyatının bir milyon ölü və yaralı olduğunu təxmin etdiyi itkilərə baxmayaraq, Putin Ukraynanın müdafiəsi çökənə qədər döyüşə bilər.
…Putin hesab edir ki, heç kim onunla Ukraynada sülhün bərqərar olmasının şərtləri barədə ciddi danışmayıb, o cümlədən amerikalılar. Ona görə də o, istədiyinə nail olana qədər davam edəcək.
Bunu da agentliyin mənbəsi bildirib.
Nazlı Almuradova