Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “PMD Projects”dən bildirilib.
Məlumatda xatırladılıb ki, 2024-cü ildə “PAŞA Holding”in sifarişi ilə “PMD Projects” tərəfindən Bakı şəhərində Zəfər parkı inşa edilib. 2024-cü ilin noyabrın 8-də Zəfər parkı tam şəkildə tamamlanaraq istifadəyə verilib. Bu gün – iyulun 15-də park ərazisində inşa olunan Zəfər muzeyində daxili tərtibat işlərinə start verilib.
Zəfər muzeyi layihəsi xalqımızın qəhrəmanlıq salnaməsini və tarixi Zəfərini əbədiləşdirmək, həmçinin bu irsi gələcək nəsillərə çatdırmaq məqsədilə həyata keçirilir. Muzey təkcə sərgi məkanı deyil, həm də milli yaddaşın və qürur duyulası tariximizin rəmzi olacaq.
Zəfər muzeyinin inşası zamanı həm əhalinin təhlükəsizliyini təmin etmək, həm də tikinti prosesinin səmərəli icrasını dəstəkləmək məqsədilə muzey ərazisinə yaxın müəyyən hissələrdə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bildirilib ki, muzeyin inşası Zəfər parkının ümumi fəaliyyətinə maneə yaratmır. Park ziyarətçilər üçün açıqdır və əraziyə bir neçə giriş nöqtəsi vasitəsilə daxil olmaq mümkündür.
“PAŞA Holding” Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olaraq, milli mədəniyyətin və tarixin qorunmasına xüsusi önəm verir. Şirkət Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Şuşada, Zəngilanda, Ağdam və digər şəhərlərdə məscidlərin və tarixi abidələrin bərpasını maliyyələşdirməklə ölkənin mədəni irsinin dirçəldilməsinə töhfə verir.
Qeyd edək ki, Zəfər muzeyinə dair təqdim olunan vizuallar layihənin ilkin konseptini əks etdirir və inşaat prosesində dəyişilə bilər.