Zəfər xalqımızındır, zəfər Türkiyənindir”
“Bu gün burada – 15 İyul Demokratiya və Milli Birlik Gününün doqquzuncu ildönümündə – bir araya gəlmişik. 15 iyul ölkəmizin yaxın tarixində çox önəmli dönüş nöqtəsi olmuş, demokrasiyamıza və milli birliyimizə qarşı həyata keçirilən xain hücum xalqımızın qətiyyəti, cəsarəti və demokratik dirənişi sayəsində dəf edilmişdir”. SİA xəbər verir ki, bu sözləri 15 iyul Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
Onun sözlərinə görə, 15 iyul – dövlətçiliyimizin, azadlığımızın və milli iradənin müdafiə olunduğu bir tarixdir. Təəssüf ki, həmin gecə dövlət qurumları hədəfə alındı, təyyarə və helikopterlər vasitəsilə vətəndaşlarımıza qarşı bombalar atıldı, tanklarla, ağır silahlarla dinc insanlar şəhid edildi: “Ambulanslara və polis maşınlarına belə atəş açmaq əmri verildi. Bütün bu dəhşətli olaylara baxmayaraq, bu xain çevriliş cəhdinin qarşısının alınmasında şübhəsiz ki, ən böyük pay – dövlətini, xalqını və demokratik dəyərlərini qorumaq üçün həyatını fəda etməyə hazır olan Türk millətinə aiddir. Bu zəfərin adı Türkiyədir! Bu zəfər bizim – hamımızındır!
15 İyul Demokratiya və Milli Birlik Günündə – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə xalqımızın o gecə göstərdiyi mübarizəni, həmrəylik ruhunu və qəhrəmanlığını bir daha minnətdarlıqla xatırlayır və ehtiramla yad edirik. 251 vətəndaşımızın şəhid, 2 mindən artıq insanımızın yaralanaraq qazi olduğu bu dəhşətli gecənin ertəsi günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdiyi bəyanatla bu silahlı çevriliş cəhdini sərt şəkildə qınamış, onu Türk xalqının milli maraqlarına, ölkənin demokratik quruluşuna və hüququn aliliyinə qarşı yönəlmiş zərbə kimi qiymətləndirmişdi. Azərbaycan xalqının və dövlətinin bu mənəvi dəstəyini bu fürsətdən istifadə edərək bir daha minnətdarlıqla xatırlatmaq istəyirəm.
Dəyərli iştirakçılar, toplumsal yaddaşımızın diri saxlanılması, bu böyük mübarizənin gələcək nəsillərə ötürülməsi, onlara layiqincə çatdırılması olduqca önəmlidir. 15 iyul qəhrəmanları, canları bahasına ölkəmizin müstəqilliyini, milli iradənin hökmranlığını qoruyaraq Türk xalqının birlik və bərabərliyindən heç vaxt vaz keçməyəcəyini, dövlətçiliyimizə və azadlığımıza qarşı yönəlmiş daxili və xarici təhdidlərə əsla boyun əyməyəcəyini bütün dünyaya göstərmişdir. Sivil cəmiyyət, dialoq, humanitar yardım, təhsil və ticarət kimi anlayışların arxasına gizlənərək müxtəlif ölkələrdə öz gizli gündəmini həyata keçirməyə çalışan, vətənimizdə baş tutmayan xain çevriliş cəhdindən sonra ölkə daxilində dar çərçivəyə sıxışan FETÖ terror təşkilatı xarici fəaliyyətlərini genişləndirməyə yönəldi. Son 9 il ərzində dövlətimizin əsas prioritetlərindən biri FETÖ ilə mübarizə olmuşdur. Təşkilatın rəhbəri Fəthullah Gülənin 20 oktyabr 2024-cü ildə ABŞ-da vəfat etməsi bizi əsla arxayınlaşdırmayacaq. Bu qaranlıq təşkilat tamamilə ləğv olunana qədər, həm ölkə daxilində, həm də xaricdə dövlət olaraq mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.
Əzəldən bəri azad yaşayan bir millətin övladları olaraq sahib olduğumuz dəyərlərə sadiqliyimizi bu əlamətdar gündə bir daha bütün dünyaya nümayiş etdirdik. Bu fürsətdən istifadə edərək, başda cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürk və silah yoldaşları olmaqla, vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Türk millətinin qəhrəmanlığı qarşısında bir daha baş əyirik. 15 iyul şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirik. Zəfər xalqımızındır, zəfər Türkiyənindir”.