“Uzunmüddətli sağlamlıq yalnız həkim nəzarəti və dərmanlarla qorunmur”
“İnsan sağlamlığının təməl daşlarından biri düzgün və balanslı qidalanmadır. Gündəlik olaraq qəbul etdiyimiz qidalar, bədənimizin funksiyalarını yerinə yetirməsi üçün enerji mənbəyi olmaqla yanaşı, uzunmüddətli sağlamlığımıza da birbaşa təsir göstərir. Hər bir lokma bədənimizdə ya sağlamlığa xidmət edir, ya da zamanla müxtəlif problemlərin yaranmasına zəmin yaradır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, müasir dövrün sürətli həyat tərzi, insanların çox zaman hazır, işlənmiş və tərkibi zəif olan qidaları seçməsinə səbəb olur. Qazlı içkilər, fast-food məhsulları, paketlənmiş qəlyanaltılar və şəkər tərkibli içkilər qısa müddətli doyğunluq hissi versə də, uzun müddətdə orqanizmdə piylənmə, ürək-damar xəstəlikləri, şəkərli diabet, qaraciyər problemləri və hormonal pozuntular kimi ciddi fəsadlar yarada bilər: “Əksinə, təbii, lifli və müxtəlif qidalarla zəngin rasion bədəni lazımi qidalandırır, hüceyrələrin yenilənməsini təmin edir və orqanların sağlam fəaliyyətinə şərait yaradır. Tərəvəz və meyvələr, tam taxıllar, sağlam yağlar (zeytun yağı, qoz-fındıq), keyfiyyətli züləklər (yumurta, balıq, paxlalılar) və bol su qəbul etmək həm maddələr mübadiləsini sürətləndirir, həm də immuniteti gücləndirir.
Bağırsaq mikroflorası da qidalanmadan birbaşa təsirlənən sistemlərdən biridir. Faydalı bakteriyaların çoxalması üçün probiotik və prebiotik qidalara üstünlük verilməlidir. Çünki bağırsaq sağlamlığı həm də emosional vəziyyət, yuxu keyfiyyəti və beyin funksiyaları ilə sıx əlaqəlidir. Uzunmüddətli sağlamlıq yalnız həkim nəzarəti və dərmanlarla qorunmur. Əsl sağlamlıq gündəlik kiçik vərdişlərlə – düzgün səhər yeməyi, nizamlı su içmək, fast-fooddan uzaq durmaq, gec saatlarda ağır yemək yeməmək və əsasən evdə bişirilmiş, təbii məhsullara üstünlük verməklə formalaşır. Bu vərdişlər zamanla bədəndə tarazlıq yaradır və həm fiziki, həm də zehni rifahı dəstəkləyir.
Unutmaq olmaz ki, bugünkü qidalanma seçimlərimiz sabahkı sağlamlığımızın əsasını təşkil edir. Bu səbəbdən, özümüzə və ailəmizə qarşı məsuliyyətli davranmalı, yediyimiz hər bir qidanın tərkibini və təsirini düşünərək seçim etməliyik. Sağlamlıq təsadüf deyil – gündəlik vərdişlərin nəticəsidir”.