Dünyanın ən böyük Mars qayası 5,3 milyon dollara satılıb
Ən böyük məlum Mars meteoriti Nyu-Yorkdakı Sotheby’s hərracında anonim bir alıcıya 5,3 milyon dollara satılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “NWA 16788” adlı meteorit Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars qayasıdır.
Çəkisi 24,5 kiloqram (60 funt) olan meteorit, adətən bir neçə qram və ya santimetr ölçüdə olan fraqmentlərdən ibarət olan Mars meteoritlərinin ölçüsünü xeyli üstələyir. Sotheby’s-ə görə, bu nümunə bu günə qədər tapılan növbəti ən böyük Mars qayasından 70 faiz böyükdür.
2023-cü ilin noyabrında Nigerin ucqar Aqadez bölgəsində kəşf edilən meteorit kosmosda uzun səyahəti və atmosferdən keçərkən xarici səthində şüşəvari qabıq əmələ gətirib. Təhlillər göstərib ki, “NWA 16788” asteroidin zərbəsi nəticəsində Marsın səthindən atılıb və zərbə zamanı onun bəzi hissələri şüşəyə çevrilib.
Sotheby’s elm və təbiət tarixi üzrə vitse-prezidenti Kassandra Hatton daşın qırmızı rəngi və təsir edici ölçüsü ilə unikal bir nümunə olduğunu vurğulayıb: “Bu fövqəladə kəşf Yer üzündə indiyə qədər tapılmış Marsın ən böyük və ən qiymətli nümunəsidir”.