Sosial

Yasamal rayonunda vətəndaşlara hüquqi yardım göstərilib


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclis ilə Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib. VK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtın Yasamal Rayon Heydər Əliyev Mərkəzində deputat Ülvi Quliyevin təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.

“Pro Bono” Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 15-ə yaxın vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.