Siyasət

“Zəngəzur dəhlizi hazırda regionun ən mühüm geosiyasi məsələlərindən biridir”


“Zəngəzur dəhlizi hazırda regionun ən mühüm geosiyasi məsələlərindən biridir və onun açılması ətrafında gedən müzakirələr təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, həm də qlobal güclərin Cənubi Qafqazdakı maraqlarını ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu dəhliz Avropanı Asiya ilə birləşdirən yeni nəqliyyat arteriyası kimi strateji əhəmiyyətə malikdir və bu səbəbdən həm ABŞ, həm də Rusiya burada təsir imkanlarını artırmağa çalışır: “ABŞ-ın mövqeyi əsasən iqtisadi və logistika yönümlüdür. Vaşinqton dəhlizdə Amerika şirkətlərinin fəaliyyətini önə çəkməklə, bölgədə nəqliyyat və enerji marşrutlarına nəzarət etmək, eyni zamanda Rusiyanın təsir dairəsini zəiflətmək niyyətindədir. Digər tərəfdən, Rusiya 10 noyabr 2020-ci il bəyanatına istinad edərək, dəhlizin təhlükəsizliyinə nəzarətin onun sülhməramlı missiyasına aid olduğunu iddia edir. Moskva bu məsələni yalnız regional yox, həm də öz nüfuz savaşı çərçivəsində dəyərləndirir və bölgədəki mövqeyini itirməmək üçün ciddi cəhdlər göstərir. Bu maraqların toqquşması, əslində, bölgədə yeni gərginlik ocaqları yarada bilər. Ermənistanın siyasi qeyri-sabitliyi, Qərb-Rusiya qarşıdurmasının dərinləşməsi və İranın məsələyə ehtiyatlı yanaşması vəziyyəti daha da mürəkkəbləşdirir. Belə bir şəraitdə Azərbaycan üçün əsas məsələ – öz suverenliyini və milli maraqlarını qorumaqdır. Bakı dəfələrlə bildirib ki, dəhliz üzərində nəzarəti üçüncü tərəfə həvalə etmək fikrində deyil. Bu, həm Azərbaycanın müstəqilliyi, həm də regionda güc balansının qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan bu məsələdə tək deyil. Türkiyə ilə strateji müttəfiqlik və Pakistanla güclü əməkdaşlıq Bakıya əlavə üstünlüklər qazandırır. Bu üçtərəfli əməkdaşlıq formatı dəhlizin təhlükəsizliyi və idarəçiliyi baxımından effektiv mexanizm yarada bilər. Bununla yanaşı, dəhlizin açılması təkcə Azərbaycan üçün deyil, bütün region üçün iqtisadi fayda gətirəcək, yeni ticarət yolları yaradacaq və Cənubi Qafqazı beynəlxalq tranzit mərkəzinə çevirəcək.

Ümumilikdə, Zəngəzur dəhlizi uğrunda gedən mübarizə, ABŞ və Rusiya arasında böyük geosiyasi rəqabətin tərkib hissəsidir. Bu prosesdə Azərbaycanın strateji mövqeyi çox güclüdür, lakin Bakı həm diplomatik çevikliyi, həm də hərbi-siyasi gücünü balanslı şəkildə istifadə etməlidir. Çünki dəhlizin gələcəyi təkcə region ölkələrinin deyil, qlobal güclərin də qarşıdurma səviyyəsindən asılı olacaq”.