Siyasət

Zəngəzur dəhlizinə nəzarət məsələsində nə Qərb, nə də Rusiya…


“44 günlük Vətən müharibəsində qələbədən sonra regionda fərqli mənzərə yaranıb. Məhz Zəngəzur dəhlizi ətrafında gedən geopolitik proseslər də təkcə bir nəqliyyat layihəsinin həyata keçirilməsi deyil, həm də bölgədə yeni geosiyasi düzənin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Bugünkü mənzərəyə diqqət yetirdikdə görürük ki, həm ABŞ, həm də Rusiya bu dəhlizə öz maraqları prizmasından yanaşır və ona nəzarət uğrunda ciddi rəqabət aparırlar”. SİA xəbər verir ki, bunu hafta.az-a açıqlamasında “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Qeyd edib ki, bir tərəfdən Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsas götürərək öz hərbi və təhlükəsizlik strukturlarını bu marşruta yerləşdirmək niyyətini açıq şəkildə ortaya qoyur, digər tərəfdən isə ABŞ bölgədə iqtisadi açılım, ticarət yollarının təhlükəsizliyi və İranın bloklanması kontekstində Zəngəzuru strateji əlaqə nöqtəsi kimi dəyərləndirir: “Bu fon isə təkcə regional deyil, qlobal maraqların toqquşduğu yeni müstəvini yaradır. Çin, Türkiyə, İran, Hindistan kimi oyunçular da bu prosesə ya birbaşa, ya da dolayı yollarla qoşulur. Belə şəraitdə sual yaranır – Azərbaycan bu cərəyanlar arasında öz milli maraqlarını necə qoruyacaq. Azərbaycan dövləti bu gün öz siyasi iradəsi, hərbi gücü və diplomatik çəkisi ilə artıq bölgədə hadisələrin obyektindən çox, subyektinə çevrildiyini sübut edir. Dəhlizə nəzarət məsələsində Azərbaycan heç bir kənar qüvvədən asılı olmaq niyyətində deyil. Əksinə, Türkiyə və Pakistan kimi qardaş və strateji tərəfdaşlarla birlikdə bu məsuliyyəti yerinə yetirmək iqtidarındadır”.

B.Quliyev deyib ki, müasir beynəlxalq münasibətlərdə balanslaşdırılmış və çoxvektorlu siyasət aparan ölkələr daha uğurlu olur: “Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti də məhz bu modelə uyğun qurulub. Bu səbəbdən də Zəngəzur dəhlizinə nəzarət məsələsində ölkəmiz nə Qərbin, nə də Rusiyanın diqtəsinə uyğunlaşmayacaq, əksinə, öz şərtlərini irəli sürəcək.

Qeyd edim ki, artıq qlobal düzən dəyişir. Yeni güc mərkəzləri – Asiya, Türk Dövlətləri Təşkilatı, İslam dünyası güclənir. Azərbaycan bu mərkəzlərlə paralel hərəkət etməklə həm iqtisadi, həm də strateji sabitliyini təmin edir. Bu reallıqlar fonunda, hesab edirəm ki, Zəngəzur dəhlizi Azərbaycanın suveren layihəsi kimi reallaşmalı və nəzarəti də birbaşa Bakı tərəfindən həyata keçirilməlidir. Bu təkcə coğrafi bağlantı deyil, bu, tarixi ədalətin bərpası və gələcəyə açılan qapıdır”.