Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, geodeziya və kartoqrafiya sahəsinin dünya geodeziya şəbəkəsinə inteqrasiyası və geodeziya koordinat sisteminin vahidliyinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq edilsin.
2. Digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılmış və tamamlanmamış layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdirilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2025-ci il