“Şuşa forumu bir brend olaraq illər ərzində davam edəcək və geniş töhfələr verəcək”
“Başqa ölkələrdə də beynəlxalq forumlar keçirilir amma Azərbaycanda keçirilən media forumu həqiqətən öz spesifikliyi ilə fərqlənir. Spesifiklik nədir? Burada həm təşkilatçılıq baxımından, həm iştirakçıların daha geniş arenanı əhatə etməsi baxımından, həm də cənab Prezidentin və digər rəsmi şəxslərin bu foruma qatılması xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu zamanı SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, cənab Prezidentin burada iştirakı və 3 saat ərzində iştirakçılarla yaxından söhbət etməsi, onların ən həssas mövzular üzrə suallarını cavablandırması başqa media forumlarda müşahidə olunmayan haldır. Yəni, prezidentin və rəsmi şəxslərin iştirakı forumun xüsusi önəmini artırır: “Digər tərəfdən, forumda medianın yeni çağırışları ilə bağlı müzakirələr aparılır. Gündəliyə diqqət etdikdə görürük ki, medianın ən son trendləri, ən son çağırışları, xüsusilə süni intellektlə bağlı məsələlər müzakirə olunub. Bu müzakirələr mövzu üzrə mütəxəssislərin və jurnalistlərin iştirakı ilə keçirilir. Burada iştirak edən jurnalistlər üçün olduğu qədər, müzakirə olunan fikirlərin geniş auditoriyaya çatdırılması və başqaları üçün də faydalı olması xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, forum hər baxımdan möhtəşəmdir. İnşallah, bu Şuşa forumu bir brend olaraq illər ərzində davam edəcək və ölkəmizin media işində geniş töhfələr verəcək.
Qarabağ torpaqları işğaldan azad olunandan sonra artıq bir neçə dəfədir ki, bura səfər edirik. Bu səfərlərin hər birində biz necə ki, Bakının hər il daha da gözəlləşdiyini, yeniləndiyini görürük, eyni vəziyyəti Qarabağ torpaqlarında da müşahidə edirik. İlk illərdə gələndə burada ancaq xarabalıqlar, dağıntılar görürdüksə, indi isə tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. İnfrastruktur quruculuğu, yaşayış şəraitinin yaradılması və s. artıq açıq şəkildə görünür. İndi gəldik ki, Xankəndidə, Şuşada və başqa yerlərdə tamamilə yeni ümidlər gördük.
Cənab Prezident dedi ki, aparılan işlər əlbəttə ki, böyük əzm, səbir və böyük vəsait, işçi qüvvəsi tələb edir. Yəni, bunları təşkil etmək özü asan məsələ deyil. İndi nəzərə alsaq ki, bu işlər paralel şəkildə gedir, təhlükəsizliyin təmin olunması vacibdir. Hələ Ermənistan tərəfdən heç bir sülh yoxdur, diplomatik mübarizə davam edir. Bütün bunlar ağır məsələlərdir, amma Azərbaycan bütün bunların öhdəsindən gəlir. Həqiqətən də cənab Prezidentin bu gün verdiyi mesajlar bizə yeni və ümidverici mesajlar oldu”.