“Azərbaycan-ABŞ əlaqələri informasiya təhlükəsizliyi fonunda yeni mərhələyə keçir”
“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını açıq şəkildə təqdir etməsi, Bakı ilə Vaşinqton arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycanın regionda artan nüfuzuna və informasiya siyasətindəki fəallığına verilən ciddi beynəlxalq dəstək kimi qiymətləndirilməlidir: “Tramp Administrasiyası üçün informasiya təhlükəsizliyi, qlobal medianın balanslı və ədalətli şəkildə qurulması prioritet məsələlərdən biridir. Prezident İlham Əliyevin çıxışında məhz bu məsələlərə toxunması və beynəlxalq medianın qərəzliliyinə qarşı prinsipial mövqe sərgiləməsi, ABŞ-la strateji əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Bu kontekstdə Trampın dəstəyi Azərbaycan–ABŞ əlaqələrində təkcə enerji və təhlükəsizlik sahələrində deyil, həm də informasiya müharibələrinə qarşı birgə dayanmaq baxımından yeni əməkdaşlıq üfüqlərinin açıldığını göstərir. Bu münasibətlər təkcə ikitərəfli deyil, eyni zamanda regionda sabitliyin və informasiya mühitində ədalətin təmin olunmasına yönəlmiş qlobal çağırışlara cavab verir”.