Siyasət

“Bir neçə il əvvəl Xankəndinə baxırdıq, indi isə orada qlobal forum keçirilir”


“Ata vəsiyyəti Azərbaycanın milli birlik və dövlətçilik ənənələrinin möhkəmlənməsində əsas dayaqlardan biridir. Cənab Prezidentin Şuşanın azad edilməsi zamanı etdiyi çıxış bu vəsiyyətin həyata keçirilməsinin rəmzi kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin sözləri həm xalqımıza, həm də dünyaya Azərbaycanın əzmkarlığını, qətiyyətini göstərdi: “Bir neçə il əvvəl Xankəndinə Cıdır Düzündən baxarkən illüziya kimi görünən məsafələr bu gün qlobal forumlarda müzakirə mövzusu olan reallıqlara çevrilib. Bu, Prezidentin rəhbərliyi altında həyata keçirilən strategiyanın, xalqın və dövlətin birliyinin, eləcə də milli hədəflərin gerçəkləşməsinin nəticəsidir. Ata vəsiyyətinin yerinə yetirilməsi Azərbaycanın zəfər yolunda nəinki tarixi ədalətin bərpası, həm də regionda sülh və sabitliyin təmin olunması üçün önəmli bir addımdır. Bu uğurlar Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradır və dövlətimizin dünya arenasında mövqeyini daha da gücləndirir”.

Mövzu ilə bağlı politoloq Polad Mehdiyev isə bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar təkcə hərbi zəfərlə ölçülmür, həm də tarixi yaddaşın, milli vəsiyyətin yerinə yetirilməsi ilə dəyərləndirilir: “Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyini bəyan etməsi, bu prosesin sadəcə siyasi deyil, həm də dərin mənəvi və tarixi mahiyyət daşıdığını göstərdi. Bu, həm lider məsuliyyətinin, həm də xalqla mənəvi bağın təcəssümüdür. Bu gün Azərbaycanın regionda güc mərkəzinə çevrilməsi, strateji təşəbbüsləri irəli sürməsi və sabiq münaqişə zonasını diplomatik dialoqlar üçün platformaya çevirməsi təsadüfi deyil. Bu reallıq ölkənin siyasi iradəsinin, planlı yanaşmasının və güclü milli həmrəyliyin nəticəsidir. Azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu sübut edir – artıq bu torpaqlarda sülh, inkişaf və gələcəyə baxış hakimdir.

Bütün bu uğurların kökündə həm siyasi liderliyin ardıcıllığı, həm də xalqın öz dövlətinə inamı dayanır. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər sübut etdi ki, milli iradəyə söykənən strategiya nəinki qələbəyə, həm də uzunmüddətli sabitliyə gətirib çıxarır”.