Sosial

“Böyük Qayıdış təkcə torpaqlara deyil, həm də…”


“Böyük Qayıdış” proqramı Azərbaycanın dövlətçilik tarixində strateji əhəmiyyət daşıyan mühüm mərhələlərdən biridir. Bu, təkcə əhalinin doğma torpaqlarına qayıdışı deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial, iqtisadi və mədəni dirçəlişin simvoludur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda dövlət tərəfindən infrastrukturun yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi istiqamətində ardıcıl və sistemli işlər aparılır. Xüsusilə ağıllı kənd layihələrinin icrası, yaşıl enerji zonasının yaradılması və innovativ yanaşmalar bölgənin gələcək inkişafına yönəlik strateji hədəfləri ortaya qoyur: “Əhalinin təhlükəsiz və dayanıqlı şəkildə yerləşməsi üçün mina təmizləmə işlərinə xüsusi önəm verilir. Bu sahədə beynəlxalq əməkdaşlıq və donor dəstəyi də diqqətəlayiqdir. Böyük Qayıdış, eyni zamanda, Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərir. Ölkəmizin azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və reinteqrasiya siyasəti dünya ictimaiyyəti tərəfindən də maraqla izlənilir və təqdir olunur. Bu proses eyni zamanda milli birliyin, xalq-dövlət həmrəyliyinin bariz nümunəsidir. Böyük Qayıdış təkcə torpaqlara deyil, həm də tarixi yaddaşa və milli kimliyə dönüşdür”.