Kənd məhsullarına tələbatın yüksək olmasının səbəbi nədir?
“Azad İstehsalçılar Birliyi olaraq biz hesab edirik ki, kəndli öz təsərrüfatında yetişdirdiyi məhsulları birbaşa bazara çıxara bilməlidir. Hazırkı vəziyyətdə isə bu, müxtəlif inzibati və texniki baryerlərlə çətinləşdirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məlumdur ki, iri supermarket şəbəkələrinə məhsulun daxil olması üçün qida təhlükəsizliyi ilə bağlı sənədlər tələb olunur. Bu sənədlər olmadan heç bir məhsul bu şəbəkələrə qəbul edilmir. Bənzər yanaşma meyvə dükanlarında da müşahidə olunur. Adətən, meyvə məhsulları topdansatış bazarlarından alınır. Bu bazarlarda isə məhsulların ilkin istehsalçısı deyil, alverçilər, yəni üçüncü şəxslər iştirak edir və məhsullar onların vasitəsilə satış nöqtələrinə çatdırılır.
Lakin bəzi ara dükanlar, məhlə dükanları və kiçik bazarlar kəndlinin birbaşa məhsul satışı üçün imkan yaradır. Biz belə alternativ satış kanallarının mövcudluğunu dəstəkləyirik, lakin burada əsas məsələ məhsulların təhlükəsizliyinin təmin olunmasıdır.
Təəssüf ki, bazarda yalnış etiketləmə və aldatmalar geniş yayılmışdır. “Nənəmin nehrəsi”, “nənəmin təndiri” kimi nostalji və etibarlı çağırışlar altında satılan məhsulların tərkibi çox vaxt istehlakçının gözləntilərini qarşılamır. Belə hallar qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.
Müasir dövrdə insanlar ekoloji təmiz və kənd mənşəli məhsullara üstünlük verirlər: kənd toyuğu, kənd yumurtası, kənd südü, hətta “kənd qızı” ifadəsi belə son illərdə dəbə çevrilib. Məlum olduğu kimi, toyuqlar üç kateqoriyaya bölünür: Azad gəzən toyuqlar, Yarı azad saxlanılan toyuqlar, Broyler toyuqları.
İstehlakçılar, əsasən, birinci qrupa aid toyuqların məhsullarına üstünlük verirlər. Onlar bu məhsulları həm daha sağlam, həm də ekoloji cəhətdən təmiz hesab edirlər.
Azərbaycan Respublikasında 15 il əvvəl “Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında Qanun” qəbul edilsə də, onun tam tətbiqi baş tutmamışdır. Həmin qanunun icrası üçün vacib olan standartlar və nəzarət mexanizmləri formalaşdırılmadığı üçün bu sahədə irəliləyiş zəif olub. Lakin son zamanlar bu mövzu yenidən gündəmə gətirilmişdir və artıq parlamentin Aqrar siyasət komitəsi tərəfindən də dəstəklənməkdədir.
Əgər ekoloji təmiz məhsullar üçün müəyyən edilmiş standartlar tətbiq olunarsa və Qida Təhlükəsizliyi Agentliyi bu məhsulların təhlükəsizliyini sürətli və bürokratiyasız şəkildə təmin edə bilsə, həm fermerlər, həm də istehlakçılar üçün faydalı mühit yaranar.
Qeyd edilməlidir ki, bazarda bəzən saxta məhsullar və etiketlər də təqdim olunur. Məsələn, üzərində “kənd qaymağı” yazılan məhsulların real tərkibi qaymaqla heç bir əlaqəsi olmur. Bu isə istehlakçının aldadılmasına gətirib çıxarır.
Eyni hal “İvanovka mağazaları” adı altında fəaliyyət göstərən satış şəbəkələrində də müşahidə olunur. Rəsmi olaraq ölkədə yalnız 3 belə mağaza olsa da, Bakı şəhərində onlarla bu adda mağaza fəaliyyət göstərir və çox zaman bu brenddən istifadə edərək istehlakçının etibarından sui-istifadə olunur.
Nəticə və Tövsiyələr:
• Kəndlinin birbaşa bazara çıxış imkanı genişləndirilməlidir.
• Ekoloji təmiz məhsullar üçün standartlar müəyyən edilməli və tətbiq olunmalıdır.
• Qida Təhlükəsizliyi Agentliyi bu məhsulları yoxlarkən bürokratik əngəllər yaratmamalıdır.
• Aldadıcı etiketləmə və saxta məhsulların qarşısı alınmalıdır.
• İstehlakçı maarifləndirilməli, hansı məhsulun nə mənşəli olduğu barədə aydın məlumat almalıdır”.
Ayşən Vəli