“Səngəçal” terminalının enerji sisteminin sabitləşdirilməsi layihəsi 2027-ci ildə tamamlanacaq
İsveçrənin ABB şirkəti 2027-ci ilin fevralına qədər “Səngəçal” terminalının elektrikləşdirilməsinin dəstəklənməsi və enerji sisteminin sabitliyinin təmin edilməsi layihəsinin həyata keçirilməsini tamamlamağı planlaşdırır. Bu barədə SİA ABB-nin məlumatına istinadən xəbər verir.
“Layihə 2024-cü ilin sentyabrında BP ilə imzalanmış beşillik qlobal çərçivə sazişi çərçivəsində həyata keçirilir. Terminalın Azərbaycanın milli elektrik şəbəkəsinə qoşulmaı 688 hektardan çox ərazini, yəni 800-dən çox futbol meydançasına bərabər olan sahəni elektrikləşdirilməsinə imkan verəcək”, – məlumatda bildirilib.
Layihə çərçivəsində ABB sahənin xüsusiyyətlərini nəzərə alınmaqla hazırlanmış dörd sinxron kompensator təchiz edəcək və inteqrasiya edəcək ki, bu da istismar olunan qaz turbinlərinin istismardan çıxarılmasına imkan verəcək. ABB-nin sinxron kompensatorları minimal sahə tutur və eyni zamanda enerji şəbəkələrinin səmərəli və etibarlı işini təmin edir.
“ABB-nin müqaviləsi ilkin sistem tədqiqatlarından tutmuş ətraflı mühəndis işlərinə, quraşdırma işlərinə qədər bütün işləri əhatə edir. ABB-nin elektrikləşdirmə və avtomatlaşdırma sahəsindəki həlləri “Səngəçal” terminalının sabitliyinin və fasiləsiz işinin təmin edilməsində əsas rol oynayacaq. ABB həyata keçirdiyi layihənin icrasına 2025-ci ilin fevralında başlayıb və təxminən 24 ay ərzində yekunlaşdıracaq”, – məlumatda qeyd olunub.
“ABB Energy Industries” bölməsinin prezidenti Per Erik Holsten qeyd edib ki, ABB mövcud enerji infrastrukturuna avtomatlaşdırma vasitəsilə daha səmərəli və elektrikləşdirmə vasitəsilə daha təmiz işləməyə kömək edir.
Bakıdan 55 km cənubda yerləşən “Səngəçal” terminalı gündəlik 1,2 milyon barel neft və təxminən 81 milyon standart kubmetr qaz emal edə bilir.