Dünya

İran AEBA-nın texniki heyətinin Tehrana səfərinə icazə verib


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) texniki heyəti yaxın həftələrdə Tehrana səfər edəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə müsahibəsində deyib.

“Nümayəndə heyəti İrana (nüvə) obyektləri ziyarət etmək üçün deyil, mexanizmlə bağlı müzakirələr aparmaq üçün gələcək”, – deyə o, əlavə edib.

Vurğulanıb ki, İran Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəymiş ziyanı qiymətləndirir.

Qəribabadi ABŞ-la danışıqların bərpa olunması məsələsini istisna etməyib. Lakin bildirib ki, indi danışıqların 6-cı raunduna hazırlaşmaq daha mühümdür. Bununla yanaşı, o, qeyd edib ki, danışıqlar ərzində İran hər hansı hücuma məruz qalmamalı, əldə ediləcək razılaşma hər iki tərəfin mənafeyinə uyğun olmalıdır.