YAP Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də partiya fəalları iştirak ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra YAP-ın yaranma tarixi, şərəfli fəaliyyəti və partiyanın Gəncə şəhər təşkilatının 32 illik yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Bayram Aslanov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və “dünənin, bu günün və gələcəyin partiyası” kimi səciyyələndirdiyi YAP bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir və ölkədə gedən mühüm proseslərin mərkəzində dayanır. O, təşkilatın hazırda 69 ərazi partiya təşkilatını və 42 mindən çox üzvü birləşdirdiyini qeyd edib. Bayram Aslanov bildirib ki, hər bir partiya üzvü Ulu Öndərin ideyalarının təbliğində və qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edir.
Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq təbriklərini çatdırıb. O, müasir müstəqil Azərbaycanın əldə etdiyi uğurları vurğulayaraq qeyd edib ki, ölkəmiz möhkəm təməllər üzərində qurularaq daha böyük hədəflərə doğru inamla irəliləyir.
Tədbirdə çıxış edən professor İbrahim Cəfərov, fəal gənc Fəridə Allahverdiyeva və digər natiqlər YAP-ın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan söz açaraq bildiriblər ki, partiyaya olan yüksək ictimai etimad Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı siyasətə olan inamın nəticəsidir.
Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında fəallıq göstərən partiya üzvlərinə Fəxri fərmanlar, partiyanın yeni üzvlərinə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.