“Yaşıl enerji Azərbaycanın gələcək vizyonudur”
“2025-ci ildə Şuşada keçirilmiş III Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bir sıra milli, regional və qlobal əhəmiyyətli məsələlərə toxunmuş, həm ölkəsinin rəsmi mövqeyini, həm də öz şəxsi baxış bucağını təqdim etmişdir. Bu məsələlər arasında xüsusilə diqqət çəkən mövzulardan biri də COP29 konfransının Azərbaycanda keçirilməsi, yaşıl enerji siyasəti, və ekoloji davamlılığın qlobal miqyasda təşviqi olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Deputat sözlərinə belə davam edib: “Prezident İlham Əliyev vurğulamışdır ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkənin planetin gələcəyinə dair məsuliyyətli və strateji baxışının göstəricisidir. O, bu mövzunu “planetar əhəmiyyətli məsələ” kimi səciyyələndirmiş, karbon emissiyasının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və ənənəvi enerji resurslarının tədrici əvəzlənməsi məsələlərinin qlobal gündəmin əsas müzakirə obyektinə çevrildiyini bildirmişdir.
Prezident çıxışında qeyd etmişdir ki, COP28 zamanı dünya ölkələri tərəfindən iqlim dəyişikliyi ilə mübarizə üçün ayrılan 100 milyard ABŞ dolları vəsaitin Azərbaycan tərəfinin təşəbbüsü ilə 300 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal ekoloji hədəflərə töhfə vermək istəyinin ciddi göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycanın son illərdə yaşıl enerji sahəsində atdığı ardıcıl addımları da vurğulamışdır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ekoloji cəhətdən təmiz enerji zonalarına çevrilməsi məqsədilə artıq müvafiq dövlət proqramları, fərman və sərəncamlar qəbul olunmuşdur. Həmçinin Azərbaycan bir sıra ölkələrlə, o cümlədən Yaxın Şərq və Mərkəzi Asiya dövlətləri ilə günəş, külək və hidroenerji sahəsində əməkdaşlıq müqavilələri imzalamış və bəzi layihələr artıq icra mərhələsindədir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, enerji keçidi yalnız ekoloji deyil, həm də texnoloji və sosial məsələdir. O, qeyd etmişdir ki, ənənəvi enerji mənbələrindən birdən-birə imtina etmək qeyri-real və qeyri-effektiv yanaşmadır. Neft və qaz Azərbaycan iqtisadiyyatında mühüm yer tutur və xüsusilə son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Buna görə də ölkə faydalı qazıntılardan səmərəli istifadənin davam etdirilməsi və yaşıl enerji keçidinin mərhələli şəkildə həyata keçirilməsi istiqamətində fəaliyyət göstərməkdədir.
Yaxın illərdə Azərbaycanın yaşıl enerji ixracatçısına çevriləcəyi gözlənilir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan həm ənənəvi enerji ixracatçısı rolunu saxlayacaq, həm də yaşıl enerji sahəsində ixrac imkanlarını genişləndirəcək. Bu yanaşma təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.
Prezidentin Şuşa Forumundakı çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız regionun enerji mərkəzi olmaqla kifayətlənmir, eyni zamanda qlobal ekoloji liderliyə iddialıdır. COP29-un Bakıda keçirilməsi bu baxışın rəmzi və praktik təzahürü kimi qiymətləndirilə bilər. Bu konfransın ətrafında yaranan beynəlxalq diqqət və müsbət rəy Prezidentin təqdim etdiyi tezislərin aktuallığını və strateji əhəmiyyətini bir daha təsdiq edir”.
Ayşən Vəli