Sosial

Zatulin ölkəmizin dünyada artan reytinqindən xoflanıb


Azərbaycanın dünya birliyindəki nüfuzunun sürətlə artması, mövqeyinin daha da möhkəmlənməsi bəzi anti-Azərbaycan dairələri ciddi təşvişə salıb. 2020-ci ildə cəmi 44 gün davam edən müharibədə Ermənistan və onun havadarları üzərində qazanılan parlaq qələbədən və üç il sonra Azərbaycan Ordusunun Qarabağda lokal antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müstəqil dövlət olaraq gücümüzü dünyaya bəyan etdi. Artıq dünya ictimaiyyəti də Azərbaycan Prezidenti İlham Əliyevi güclü lider kimi qəbul edir.

Bir neçə gün əvvəl Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etməsi ölkəmizin inkişafından təşvişə düşənləri ciddi narahat edib. Donald Tramp Prezident İlham Əliyevin onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşaraq diqqət çəkib. Trampın öz sosial hesabında bunu paylaşması dövlətimizin başçısına olan rəğbətinin göstəricisidir. Tramp nadir hallarda kiminsə çıxışını paylaşır. Halbuki, hər kəs Trampın özünün çıxışını paylaşır və bundan xəbər hazırlayır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, son vaxtlar ölkəmizə qarşı təhdid və təzyiqlər səngimək bilmir. Bu çirkin kampaniyada Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bir alətə çevrilib. Bir neçə ildir “zavallı ermənilərin” qayğısına qalan Zatulin sanki Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini işğal altında saxladığını, dinc əhaliyə qarşı qətliamları, milli adət-ənənələrimizə qarşı qəsdləri, İslam dinini təhqir edərək məscidlərimizdə törətdiyi vəhşiliyi görməyib və bu barədə heç nə eşitməyib. Özünü diplomat adlandıran şəxs nə qədər kor və kar olmalıdır ki, dünya ictimaiyyətinin gördüklərindən və eşitdiklərindən bixəbər olsun. Törətdikləri vəhşiliklərə görə bu gün qanun qarşısında cavab verən “Qarabağ klanı”nın üzvləri öz çirkin əməllərini etiraf etmək məcburiyyətində qaldıqları halda, ermənilərin muzdlu nökəri Zatulin bu qatı cinayətkarların müdafiəsinə qalxıb. Hərbi cinayətkarların istintaqı dövründə də onun kimi ermənipərəst oyuncaq diplomatlar Azərbaycanın iradəsinə təsir etməyə çalışır, qatillərin bəzilərinin azad edilməsinə nail olmaq istəyirdilər.

Tanınmış hüquqşünas diqqətə çatdırıb ki, belə muzdlu nökərlər fərqli dövlətlərin parlamentlərində bu barədə “dinləmələr” təşkil olunmasında və “qətnamə”lər qəbul edilməsində canfəşanlıq edirdilər. Nəticədə, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyaları onların özlərinin ifşasına yol açdı. Erməni lobbisinin muzdlu nökərinə çevrilmiş Zatulin kimilərini meydana atmaqla nəyəsə nail olacaqlarına ümid edənlər ifşa olunsalar da, ə yalan və iftiralardan əl çəkmədilər. Çünki Zatulin və həmfikirlərinin erməni puluna alət olmaları bütün detalları ilə özünü büruzə verdi. İllərdir Zatulinin ölkəmizin əleyhinə vay-şüvənlik etdiyinin şahidiyik. O, erməni lobbisindən aldığı sifarişi can-başla yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. O, ermənilərin çoxluq təşkil etdiyi Krasnodar vilayətindən deputat seçilib. Onun seçicilərinin böyük əksəriyyəti ermənidir. Görünür, Zatulin Azərbaycana qarşı daim təzyiq və təhdid göstərəcəyi, böhtan və iftira atacağı barədə ermənilər qarşısında öhdəlik götürüb.

Ç. Qənizadə deyib ki, Azərbaycana qarşı düşmən, ermənipərəst mövqedən çıxış edən komitə sədrinin birinci müavini ölkəmizi hədəf alan çirkin açıqlamalar verməkdən sanki zövq alır. O, hətta 2022-ci il fevralın 22-də Moskvada iki ölkənin liderləri – İlham Əliyev və Vladimir Putinin imzaladıqları Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməni də “unudaraq” Bakının heç vaxt Rusiyanın strateji tərəfdaşı olmadığını qeyd edib. Bu, əslində, Rusiya Prezidentinə qarşı hörmətsizlik və saymazlıqdır.

“Zatulin kimi oyuncaq diplomatların dedi-qodularının, qarayaxmalarının ölkəmizin yürütdüyü siyasətə heç bir təsiri ola bilməz. Azərbaycan Prezidentinin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və haqq-ədalətin səsi idi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, regionda sülhün və əməkdaşlığın real ünvanı məhz Azərbaycandır” –deyə Ç.Qənizadə bildirib.