BVF ilə makroiqtisadi və makrofiskal proseslər müzakirə olunub
Maliyyə naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, görüş zamanı ölkədə baş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna və ortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyata keçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılan BVF-nin IV Maddə üzrə məsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb.
BVF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrə makrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətinin əsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Tərəflər həmçinin fiskal siyasət sahəsində əsas islahatlar gündəliyi və bu islahatlara BVF-nin mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Azərbaycanla BVF arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.