Siyasət

Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub



Azərbaycanlı nazir türkiyəli həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb



İyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.

Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.