Şəhid Heybətalı Məmmədovun xatirəsinə bulaq-abidə tikilir
Dünya tarixində müxtəlif imperiyalar, dövlətlər olub ki, onlar bəşəriyyətin idarə edilməsində böyük gücə, qüdrətə malik olublar. Lakin ortaya yeni güclərin çıxması və siyasi, iqtisadi vəziyyətin dəyişməsi həmin iddialı imperiyaların sıradan çıxmasına gətirib çıxarıb. Bu baxımdan zamanında dünya siyasətində və hərb meydanında qüdrətli görünən imperiyaların bu gün kiçicik dövlətləri belə yoxdur. Eyni zamanda tarixin arxivinə qovuşan həmin imperiyalar ağılın gücü əsasında deyil, qolun, hərbi silah –sursatın gücünə arxalanmaqla formalaşmışdılar. Nəticədə silah-sursata arxalanan imperiyalar ağılın zəkası ilə formalaşan yeni dövlətlərə uduzdular. Təəssüflər olsun ki, xalqlar dövlətçiliklərinin itirilməsi ilə barışıdılar, mübarizə aparmaqdan çəkindilər. Bu da onların dövlətləri kimi özlərinin də başqa millətlərə assimilasiya olunmasına gətirib çıxardı.
Azərbaycan ərazilərində formalaşmış dövlətlər müxtəlif dövrlərdə böyük çətinliklərlə, ağrılı problemlərlə üzləşsələr də xalqın qətiyyəti, başlıcası fateh sərkərdələrinin, uzaqgörən liderlərinin ətrafında sıx birləşməklə öz dövlətçiliklərini qoruyub, saxlamağa və inkişaf etdirməyə nail olublar. Bu müqəddəs yolda xalqımız minlərlə şəhid verib, şəhərləri, kənd və qəsəbələri dağıntılara məruz qalıb. Lakin heç zaman qəddi əyilməyib, qürurla, fəxarət hissi ilə şəhidlərini dəfn edib, birlik və bərabərlik göstərməklə şəhərlərini, kənd və qəsəbələrini bərpa edib.
Xalq-Prezident-Ordu birliyi hesabına 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımız azad edildi. Bu müqəddəs yolda say-seçmə oğullarımız şəhidlik zirvəsinə ucalsa da, xalqımız böyük səbir və təmkinlə onları yad edir, adlarının əbədiləşdirilməsi üçün addımlar atır. Bu istiqamətdə dövlətin gördüyü işlər təqdirəlayiqdir. Məhz dövlətin dəstəyi hesabına kənd və qəsəbələrdə, şəhərlərdə şəhidlərin adını daşıyan park və xiyabanlar salınır, küçələr, meydanlar inşa olunur. Şəhid bulaqlarının tikilməsi, yol kənarlarında şəhidlərin barelyeflərinin qurulması ənənə halına çevrilib.
Azərbaycanın hər bir bölgəsində olduğu kimi Qobustan rayonunda da şəhidlərə, şəhid ailələrinə və qazilərə xüsusi hörmət, rəğbət və qayğı göstərilir. Rayonun hər bir kənd və qəsəbəsində şəhid məzarlıqları salınır, bulaqlar tikilir, guşələr yaradılır, yol kənarlarında yaşılıq zolaqları salınır.
Qobustanın Qaracüzlü kəndində rayon icra hakimiyyətinin maddi və mənəvi dəstəyi, eləcə də kənd sakinlərinin nisbətən imkanlı təbəqəsinin yardımı ilə şəhid bulağı tikilir. Kəndin girişimdə isə bu yaxınlarda haqq dünyasına qovuşan, kənd sakini İbrahim Məhəmmədəli oğlu Hüseynovun zəhməti və əməyi hesabına kəndin şəhidlərinin şəkillərindən ibarət lövhə asılıb. Kəndin içərisində isə yenə də İbrahim Məhəmmədəli oğlu Hüseynovun layihəsi əsasında şəhid bulağının inşasına başlanılıb. Bulaq –abidənin sağ və sol hissələrində ikinci dünya müharibəsində şəhid olmuş insanların ad və soyadları yazılmış lövhə əks olunub və Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış kənd oğullarının şəkilləri yer alıb. Bulağın üstündə isə Xankəndidə, Şuşada, Zəngilanda, Qubadlıda və digər işğaldan azad edilən ərazilərimizdə qürurla dalğalanan üçrəngli bayrağımız dalğalanır.
Hazırda bulaq-abidə şəhid Heybətalı Məmmədovun qardaşı İlqar Məmmədovun, şəhidin yaxınları Babaveyis İsmayılovun, Rasim Məmmədovun, Zaur Həmidovun, İsmayıl və Tural İsmayılov qardaşlarının və digərlərinin iş fəaliyyətləri ilə davam etdirilir.
Müşahidələrimizə əsasən demək olar ki, Qaracüzlü kəndində inşasına başlanılan bulaq-abidə yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda bulağın ətrafında parkda salınacaq, oturacaqlar qurulacaq. Bütün bunlar Vətənin azadlığı uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizə cüzi də olsa minnətdarlıq borcudur.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı nəsib eləsin.
İLHAM ƏLİYEV