“Tərbiyənin əsas təməli ailədə qoyulur”
“Tərbiyə insanın şəxsiyyətinin formalaşmasında və sosial həyata uyğunlaşmasında mühüm rol oynayan əsas proseslərdən biridir. Bu proses uşağın doğulduğu ilk andan etibarən başlayır və ömür boyu davam edir. Psixoloq kimi vurğulamaq istərdim ki, tərbiyənin əsas təməli ailədə qoyulur. Ailə uşağın ilk sosial mühitidir və burada öyrənilən davranışlar, dəyərlər, münasibətlər və emosional reaksiyalar onun gələcək şəxsiyyətinin nüvəsini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, uşaq ailədə ilk dəfə sevgi, təhlükəsizlik, qayda və sərhədlərlə tanış olur. Valideynlərin bir-biri ilə və uşaqla necə davranması, uşağa münasibəti, ona necə model olmaları çox önəmlidir. Bu erkən yaş dövründə əldə olunan təcrübələr uşağın özünə inamını, sosial münasibətlərə yanaşmasını və gələcəkdə cəmiyyət içində necə bir fərd olacağını müəyyən edir. Yəni, tərbiyə prosesi bioloji inkişafla paralel şəkildə psixososial inkişafı da əhatə edir və bu prosesin başlanğıc nöqtəsi ailədir: “Cəmiyyət isə bu prosesin ikinci mərhələsidir. Uşaq böyüdükcə ailədən kənar mühitlərlə, yəni məktəb, qonşuluq, dost çevrəsi, müəllimlər və daha geniş ictimai mühitlə qarşılaşır. Bu mərhələdə cəmiyyətin rolu əsasən ailədə qoyulmuş tərbiyə əsaslarının tamamlanması və ya möhkəmləndirilməsi ilə bağlı olur. Əgər ailə sağlam və düzgün bir tərbiyə modeli təqdim edibsə, cəmiyyətin təsiri bu təməli gücləndirə bilər. Lakin ailədə zəif və ya ziddiyyətli tərbiyə verilmişsə, cəmiyyətin təsiri uşağın şəxsiyyətində daxili konfliktlər və uyğunlaşma çətinlikləri yarada bilər.
Bütün bunları nəzərə alaraq demək olar ki, tərbiyənin başlanğıcı ailədir. Cəmiyyət isə bu tərbiyəni yönləndirən və formalaşmanı davam etdirən əlavə bir mühit rolunu oynayır. Ailə uşağın daxili dünyasının memarıdırsa, cəmiyyət bu dünyaya təsir edən xarici qüvvədir. Sağlam ailə münasibətləri və uyğun tərbiyə üsulları uşağın cəmiyyətə daha rahat inteqrasiyasını təmin edir və onu sabit, özünə güvənən bir şəxsiyyət kimi formalaşdırır. Bu səbəbdən psixoloji yanaşma baxımından tərbiyənin ailədən başladığını və onun uğurlu şəkildə davam etməsi üçün ailənin daima dəstəkverici, anlayışlı və istiqamətverici rolunu qoruması lazım olduğunu vurğulamaq istərdim”.