“Trampın dəstəyi münasibətlərin yeni mərhələyə keçidinə təkan verir”
“Azərbaycan ilə ABŞ arasında münasibətlər uzun illərdir ki, strateji əməkdaşlıq əsasında inkişaf edir. İki ölkə arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə, regional sabitliyin qorunması və iqtisadi əməkdaşlıq sahələrində qurulmuş münasibətlər zaman-zaman dəyişən qlobal şəraitə baxmayaraq davamlı xarakter daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, son günlərdə ABŞ-ın sabiq Prezidenti Donald Trampın Prezident İlham Əliyevin Media Forumundakı çıxışını açıq şəkildə təqdir etməsi bu münasibətlərdə mühüm diplomatik jest kimi qiymətləndirilə bilər. Bu cür bəyanatlar bir tərəfdən Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidirsə, digər tərəfdən ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymaq potensialını da nümayiş etdirir: “Trampın Azərbaycanın liderinə ünvanladığı dəstək, xüsusilə Qafqazda baş verən geosiyasi dəyişikliklər fonunda, Vaşinqtonun regionla bağlı maraqlarının davam etdiyini göstərir. İlham Əliyevin çıxışında toxunduğu qlobal informasiya təhlükəsizliyi, medianın transformasiyası və milli maraqların qorunması kimi məsələlər ABŞ kimi böyük güclərlə dialoq üçün yeni platformalar yaradır. Bu mövzular təkcə daxili deyil, həm də beynəlxalq siyasi gündəmin əsas müzakirə obyektlərindəndir. Azərbaycan bu çətin və mürəkkəb dövrdə balanslı xarici siyasət yürüdərək həm region dövlətləri, həm də qlobal güclərlə konstruktiv əməkdaşlığı qoruyub saxlayır.
ABŞ tərəfindən bu cür diqqət və qiymətləndirmənin göstərilməsi həm də gələcək ikitərəfli layihələrin, xüsusilə enerji və texnologiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycanın beynəlxalq layihələrdə-xüsusilə “Cənub Qaz Dəhlizi” kimi qlobal enerji təhlükəsizliyi layihələrində oynadığı rol ABŞ tərəfindən yüksək qiymətləndirilir və bu, münasibətlərin strateji çərçivədə inkişafına təkan verir. Nəticə olaraq deyə bilərik ki, Donald Trampın bu açıq dəstəyi yalnız şəxsi simpatiya deyil, həm də ikitərəfli münasibətlərin genişlənməsi üçün siyasi iradənin ifadəsidir. Bu, həm siyasi, həm də diplomatik baxımdan mühüm əhəmiyyət kəsb edir və yaxın gələcəkdə Azərbaycan–ABŞ münasibətlərinin daha da dərinləşəcəyinə dair pozitiv siqnallar verir”.