İqtisadiyyat

Xal-Xal sahəsində çöl geoloji kəşfiyyat işlərinə başlanılıb


Filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi layihəsinə müvafiq olaraq, Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulmuş bütün işlər icra olunub, Babək rayonu Xal-Xal sahəsində cari ildə çöl geoloji kəşfiyyat işlərinə başlanılıb. SİA xəbər verir ki, bunu Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

F.Nəcəfli qeyd edib ki, muxtar respublika ərazisində ekzogen geoloji proseslərin monitorinqinin təşkili və aparılması işləri davam etdirilib, EGP-nin fəal inkişaf etdiyi sahələrdə yoxlama-təftiş marşrutları, topogeodeziya işləri kompleks şəkildə yerinə yetirilib: “Həmçinin “Parağaçay”, “Qapıcıq” molibden və “Gümüşlü” polimetal yataqlarında beynəlxalq standartlara uyğun geoloji qiymətləndirmə işlərinin həyata keçirilməsi də “Dövlət Proqramı”nın əsas istiqamətlərindən biridir”.

O bildirib ki, beynəlxalq qiymətləndiricilərin dəvət olunmasında əsas məqsəd filiz yataqlarının geoloji potensialının obyektiv və beynəlxalq qəbul olunmuş metodologiyalara əsaslanaraq qiymətləndirilməsi, yüksək dəqiqlikli geoloji məlumat bazasının formalaşdırılması və investisiya üçün açılmasıdır.

F.Nəcəfli bildirib ki, eyni zamanda muxtar respublika ərazisində ilk dəfə olaraq 2023-cü il 07 iyul tarixdən etibarən 11 qeyri-filiz faydalı qazıntı yatağı üzrə 65 hektar sahə auksiona çıxarılıb, təqribən 1 milyon manata yaxın vəsait büdcəyə daxil olub.