İqtisadiyyat

“Kiber Yay Məktəbi-2025”in bağlanış mərasimi keçirilib


İyulun 26-da Bakı Ali Neft Məktəbində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi-2025”in bağlanış mərasimi baş tutub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə altı gün davam edən təlimlərlə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Pənah Musayev çıxış edərək bildirib ki, təlimlərdə iştirakçılara kibertəhdidlərlə müasir mübarizə metodları tədris olunub, “Kiber Yay Məktəbi” öz işini yüksək nəticələrlə başa vurub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında qeyd edib ki, dövlətin kibertəhlükəsizliyinin keşiyində dayanmaq vətənpərvərlik ruhu ilə assosiasiya olunur. Davud Rüstəmov yay məktəbinin məzunlarının hər il nüfuzlu yerli və xarici ali təhsil müəssisələrinə daxil olduqlarını xüsusi vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, altı gün ərzində iştirakçılar fərqli və səmərəli təlim keçib, kibertəhlükəsizlik istiqamətində biliklərə yiyələniblər. O, təlimçilərə də xüsusi olaraq təşəkkürünü bildirib.

Sonra AKTA-nın sədri Pənah Musayev Bakı Ali Neft Məktəbinə, Milli Kibertəhlükəsizlik Mərkəzinə təşəkkürnamələr təqdim edib. Həmçinin əsas tərəfdaş şirkətlərə – “Caspel”, “CrowdStrike”, “Caspian Tech” və media tərəfdaşı “Patrul.az”a təşəkkürnamələr verilib. Sponsorların təşəkkürnamələrini isə AKTA-nın icraçı direktoru Rauf Cabarov təqdim edib. Onların arasında “TechPro”, “Megasec. ESET,” “Crocusoft”, “Rabalon”, “YER.az”, “Code Academy”, “B and B security alliance”, “MilliSec” və “Aisec Azərbaycan” şirkətləri var.

AKTA-nın baş katibi Fidan Əhmədova təlimçilərə sertifikatları təqdim etdikdən sonra voleybol turnirinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, “Kiber Yay Məktəbi 2025”ə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan Kiber klublarının üzvləridir. Təlim günləri Bakı Ali Neft Məktəbində davam etdirilib. Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiber-yarış təşkil olunub. Təlimlər iki dildə – Azərbaycan və ingilis dilində aparılıb və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək fərqli senarilər üzərində çalışıblar.

Yay məktəbi zamanı keçirilən yan tədbirlər sırasına Kiber Təhsil Forumu, Kiber diaspora üzvlərinin master-klasları daxil olub.

Tədbirin əsas tərəfdaşları – “Caspel” şirkəti, “Crowdstrike”, “CaspianTech”, Bakı Ali Neft Məktəbi, sponsorları – “Techgroup”, “MegaSec”, ESET, “Crocusoft”, “Rabalon” şirkətləridir. CTF yarışları CTF tərəfdaşı “YER.az” şirkəti tərəfindən keçirilib, təhsil yarışları isə “Code Academy” və “MilliSec”in tərəfdaşlığı ilə baş tutub.