Dünya

Planetdəki okeanların temperaturu kritik həddə çatıb…


Okeanlar 2023-cü ildə rekord temperatur həddinə çatdı ki, bu da elm adamlarının fikrincə, iqlim dəyişikliyində dönüş nöqtəsi ola bilər.

SİA xəbər verir ki, bu barədə “Science Daily” nəşri Tianyun Donqun rəhbərlik etdiyi bir qrup çinli mütəxəssisin “Science” jurnalında dərc olunmuş araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, dəniz isti dalğaları (MHWs) adi haldan dörd dəfə çox davam edib və dünya okean ərazisinin 96 faizini əhatə edib.

Şimali Atlantikada belə dalğalar 525 gün davam edib, Sakit Okeanın şərqində suyun temperaturu normadan +1,63°C-ə qədər yüksəlib.

Alimlər baş verənləri bulud örtüyünün azalması, küləklərin zəifləməsi və okean axınlarının dəyişməsi ilə izah edirlər. Onların qiymətləndirməsinə görə, bu cür anomal göstəricilər planetin iqlim sistemində əhəmiyyətli dəyişikliklərdən xəbər verə bilər.

Bu proseslər artıq dəniz ekosistemlərini təhdid edir, mərcanlara zərər verir və balıqçılıq və akvakultura üçün risklər yaradır. Dəniz isti dalğaları okean səthinin anormal yüksək temperaturlarının uzun müddət davam etdiyi dövrlərdir.

2024-cü ilin yazında Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2023-cü ilin istixana qazlarının səviyyəsi, səthin temperaturu, okeanların turşulaşması və istilik tərkibi, dəniz səviyyəsi və Antarktika buzlarının ərimə sürəti daxil olmaqla bir sıra iqlim parametrləri üzrə rekord il olduğunu bildirdi. Ümumdünya Ticarət Təşkilatının Baş Katibi Selest Saulo o zaman demişdi ki, bəşəriyyət Paris razılaşması ilə müəyyən edilmiş kritik 1,5°C istiləşmə həddinə həmişəkindən daha yaxındır. O, elmi ictimaiyyətin dünyaya həyəcan siqnalı göndərdiyini vurğulayıb.

Nazlı Almuradova