Əkrəm İmamoğlunun diplomları ləğv edilib
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan sədr Əkrəm İmamoğlunun bakalavr diplomu geri alınaraq ləğv edilib. İstanbul Universiteti bu qərardan sonra İmamoğlunun magistr diplomunu da etibarsız elan edib.
SİA xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq və Türkiyənin Ali Təhsil Şurası tərəfindən hazırlanan hesabata əsasən, İstanbul Universiteti bu il martın 18-də İmamoğlunun bakalavr diplomunun geri alınaraq ləğv edilməsinə qərar verib. İmamoğlunun diplom məlumatı mayın 6-da universitetin məlumat bazasından silinib.
Bununla əlaqədar “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə İmamoğlu barəsində 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası tələb olunan iddianamə qəbul edilib və məhkəmə iclasının sentyabrın 11-də keçirilməsinə qərar verilib.