Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?
“Beynəlxalq sürücülük vəsiqəsi – bir şəxsin digər ölkələrin ərazisində avtomobil idarə etmək hüququnu təsdiqləyən sənəddir. Bu sənəd, xüsusilə Azərbaycan Respublikasının vətəndaşlarının xarici dövlətlərdə avtomobil idarə etmələrini asanlaşdırmaq məqsədi daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Aslan Əsədov sözlərinə belə davam edib: “Hazırda Azərbaycan Respublikasında vətəndaşlara təqdim edilən sürücülük vəsiqələri milli statusludur. Bu vəsiqələrin üzərində əsasən latın qrafikasında, xüsusilə Azərbaycan və ingilis dillərində məlumatlar yer alsa da, onların xarici ölkələrdə rəsmi tanınması və istifadə olunması bəzən məhdudiyyətlərlə qarşılaşa bilər. Lakin yaxın region ölkələrində – məsələn, Gürcüstan, İran, Türkiyə, Rusiya Federasiyası və digər post-sovet məkanında Azərbaycan sürücülük vəsiqəsi ilə hərəkət etmək mümkündür. Bu ölkələrdə beynəlxalq vəsiqəyə ehtiyac yaranmır. Bununla belə, uzaq ölkələrə səyahət zamanı, xüsusilə tranzit daşımaların həyata keçirildiyi hallarda beynəlxalq sürücülük vəsiqəsinin olması daha məqsədəuyğun hesab edilir.
Beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslər Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsinin imtahan mərkəzlərinə, o cümlədən Bakı şəhərində yerləşən müvafiq strukturlarına müraciət etməlidirlər. Bu vəsiqə yalnız mövcud milli sürücülük vəsiqəsi əsasında və müəyyən prosedurlar çərçivəsində təqdim olunur. Nəticə etibarilə, beynəlxalq sürücülük vəsiqəsi müəyyən hallarda zərurətə çevrilə bilər və bu sənədin əldə olunması üçün vətəndaşların rəsmi dövlət qurumlarına müraciət etmələri tövsiyə olunur”.
Ayşən Vəli