Siyasət

“Böyük Qayıdış ideyası ətrafında güclü ictimai həmrəylik formalaşdı”


“Proses çox sürətlə başladı. Dövlət büdcəsindən milyardlarla vəsait ayrıldı ki, ermənilərin viran qoyduğu torpaqlarımıza geri dönüş baş tutsun. Cəmiyyətimizdə Böyük Qayıdış ideyası ətrafında güclü ictimai həmrəylik formalaşdı və bu təşəbbüs artıq milli ideyaya çevrilib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Onun sözlərinə görə, həmin torpaqların köhnə sakinləri, illərlə yurd həsrəti ilə yaşayan insanlar bu prosesi böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayır: “İnsanlarımız səbirsizliklə doğma ocaqlarına qayıdacaqları günü gözləyirlər. Bu, təkcə fiziki köç deyil, həm də mənəvi bir qayıdışdır”.

Beynəlxalq təşkilatların məsələyə münasibətindən danışan siyasətçi bildirib: “Beynəlxalq qurumların Böyük Qayıdış prosesinə yanaşmasını qeyri-adekvat və qərəzli hesab edirəm. Demək olar ki, bu mühüm prosesdən uzaqdırlar və investisiya qoymağa maraqlı deyillər. Yardım etmək əvəzinə, bəzən bu təşəbbüsə qısqanclıqla yanaşırlar”.

Sonda isə Ağayev Böyük Qayıdış prosesinin əhəmiyyətini belə qiymətləndirib: “Bu, sadəcə bir dövlət proqramı deyil, eyni zamanda Azərbaycan torpaqlarının özünə qayıdışıdır, 30 il çəkən bir həsrətin sonudur. Son 200 ildə ilk dəfə olaraq, Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarıb və bu, tarixi dönüş nöqtəsidir”.

Müəllif: Fatimə Əliyeva