Kərə yağı adı ilə satılan saxta yağlar: Necə tanıyaq?
“Bazarda “kərə yağı” adı altında təqdim olunan ucuz məhsulların bir çoxu əslində tam olaraq heyvan mənşəli yağ olmayıb, bitki yağları və marqarinin qarışığından ibarət olur. Bu vəziyyət xüsusilə nəzarətsiz şəraitdə açıq şəkildə satılan, standartlara uyğun qablaşdırılmamış məhsullarda daha geniş yayılıb. Mütəxəssislərin müşahidələrinə əsasən, belə hallara əsasən qeyri-rəsmi bazarlarda, kənd təsərrüfatı yarmarkalarında və bəzi kiçik satış nöqtələrində tez-tez rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məhsulun orijinallığını və tərkibini saxtalaşdırmaq üçün tətbiq edilən üsullardan biri belədir: əvvəlcə süddən alınmış qaymaqla əsl kərə yağı hazırlanır və sonradan süzülmüş, yəni qaymaqsız qalmış südün tərkibinə marqarin əlavə edilir. Bu qarışım xüsusi homogenizator cihazında emal olunur, nəticədə süni şəkildə bircinsli, yağlı tekstura alınır. Bu kütlə yenidən soyudularaq qaymaq və nəticədə “yağ” halına gətirilir. Lakin bu məhsulların tərkibində əsas komponent bitki mənşəli yağ və marqarin olduğundan, onların orqanizm üçün fəsadları qaçılmazdır. Belə yağların uzunmüddətli istifadəsi sağlamlıq üçün ciddi təhlükələr yarada bilər, xüsusilə ürək-damar xəstəlikləri riskini artırır.
Təəssüf ki, bəzi hallarda belə saxta yağlar laboratoriya analizlərindən belə “keçir”, çünki onların tərkibində az miqdarda da olsa süd turşuları olur. Bu isə laborator nəticələrdə yanlış interpretasiyaya səbəb ola bilər. Buna görə də istehlakçılar məhsulun keyfiyyətinə yalnız etiketə əsaslanaraq deyil, eyni zamanda istehsalçı firma, məhsulun görünüşü və teksturası ilə də yanaşmalıdırlar.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş və monitorinqə məruz qalan böyük market şəbəkələri isə ciddi nəzarət tədbirləri həyata keçirir. Bu cür marketlərdə satılan yağların bir çoxu ya yerli, ya da beynəlxalq sertifikatlı istehsalçılara məxsus olur. Məsələn, Yeni Zelandiyadan gətirilən “Westgold” brendi mütəxəssislər tərəfindən etibarlı və yüksək keyfiyyətli məhsul nümunəsi kimi göstərilir. Bu zavodların şəffaf və ekoloji təmiz şəraitdə fəaliyyət göstərməsi, heyvanların açıq havada bəslənməsi və məhsulun tam nəzarət altında qablaşdırılması onu etibarlı edir.
Yaxşı kərə yağını tanımaq üçün bir neçə fiziki əlamətə də diqqət yetirmək lazımdır. Əsl kərə yağı kəsilərkən bərabər şəkildə parçalanır, sərt olur və əriyərkən yumşaq deyil, daha çox qırıntılı olur. Saxta yağlar isə daha yumşaq konsistensiyaya malikdir və bu, onların tərkibində bitki yağı və ya margarin olduğunun göstəricisidir.
Sonda qeyd etmək vacibdir ki, istehlakçılar ucuz qiymətə aldanmamalı, məhsulun tərkibi, mənşəyi və istehsalçısı haqqında ətraflı məlumata sahib olmalı, yalnız rəsmi nəzarətdə olan satış məntəqələrinə üstünlük verməlidirlər. Qida təhlükəsizliyi həm fərdi sağlamlığın, həm də cəmiyyətin rifahının əsas şərtlərindən biridir”.
Ayşən Vəli