Siyasət

Makron indi də Fələstin üzərindən “oynayır”…


Mətləb Salahov: “Dünya siyasətində nüfuzu yerlərdə sürünən bir dövlət başçısının ABŞ və İsrailin əleyhinə “iradə göstərməsi” siyasi şoumenlikdir”

“Əlbətdə hər kəs əla bilir ki, Emmanuel Makronun ABŞ və İsrail əleyhinə hansısa qərar qəbul etdirmək və siyasi proseslərin axarını dəyişmək gücü yoxdur. Xüsusilə şəxsiyyət və siyasi persona olaraq hazırkı Fransa rəhbərinin dünya siyasətində hansısa mühüm qərara təsir etmək üçün xarizması da əl vermir. Keçmiş və indiki koloniyalarından biabır edilib qovulan bir siyasətçinin indi də Fələstin üzərindən özünə xal yığmaq və siyasi əhəmiyyətini gözə soxmaq cəhdləri eləcə cəhd olaraq qalacaq. Bu, həm də siyasi şoumenlikdir”. Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O, E.Makronun Fransanın sentyabrda Fələstini dövlət kimi tanımaq fikrini qeyri-ciddi hesab edir.

M. Salahov bu qənaətdədir ki, Avropa İttifaqının digər üzvlərinə də Fələstini dövlət kimi tanımaq barədə çağırış edən Yelisey sarayının sahibi, bu məsələnin eləcə təşəbbüs kimi yarıyolda qalacağını əla bilir. Çünki Fransa hazırda elə bu E.Makronun yarıtmaz siyasəti üzündən BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən və nüvə dövləti olmaqdan başqa heç bir nüfuz və təsir ilmkanlarına sahib olan ölkə deyil. “Belə vəziyyətdə onun ABŞ və İsrail əleyhinə İradə ortaya qoyması və bu məsələdə israr etməsi qətiyyən real görünən deyil. E.Makron bu məsələdə sadəcə blef edir. Fələstini dövlət kimi tanımaq üçün onu dəstəkləyən beynəlxalq güclər də yoxdur. Fələstin məsələsini ortaya atmaqla E.Makron Fransa daxilindəki əleyhdarlarına qarşı da əlini gücləndirmək üçün çalışır.”