Qazaxıstan prezidenti Tokayev Türkiyəyə gəlir
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün və sabah Ankarada rəsmi görüşlər keçirəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kommunikasiyalar direktoru Burhanəddin Duran Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Tokayev prezident Ərdoğanın dəvəti ilə 28-29 iyul 2025-ci il tarixlərində Ankarada rəsmi görüşlər keçirəcək. Duran sosial media hesabında qarşıdan gələn görüşlərlə bağlı aşağıdakı məlumatları paylaşıb: “Səfər münasibətilə Türkiyə ilə Qazaxıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Prezident Kompleksində keçiriləcək görüşlərdə iki ölkə arasında “Genişləndirilmiş Strateji Tərəfdaşlığ”ın gedişi və bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar dəyərləndiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Qazaxıstan arasında münasibətlərin müqavilə əsasını gücləndirəcək çoxsaylı sənədlərin imzalanması gözlənilir”.