“Vasitəçilik təşəbbüsü Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir”
“Azərbaycanın İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü, təkcə regionda yeni diplomatik çəki qazanmaq deyil, həm də Azərbaycanın uzunmüddətli, praqmatik və balanslaşdırılmış xarici siyasətinin məntiqi və strateji nəticəsi kimi qiymətləndirilməlidir. Bu təşəbbüsün arxasında Azərbaycanın milli maraqları, təhlükəsizlik prioritetləri, beynəlxalq nüfuz strategiyası və yeni dünya düzənində tutduğu yer dayanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 20 ildən artıq davam edən liderliyi dövründə Azərbaycan beynəlxalq arenada “bir tərəfli bağlılıqdan” kənar, çoxvektorlu, balanslı və maraqlara əsaslanan diplomatiya formalaşdırıb. Azərbaycan eyni zamanda ABŞ-la strateji tərəfdaşlıq qurub, Rusiya ilə əməkdaşlıq edib, Avropa İttifaqı ilə enerji əməkdaşlığını gücləndirib, Türkiyə ilə müttəfiqliyi dərinləşdirib, eyni zamanda İsrail və ərəb ölkələri ilə paralel əlaqələr saxlayıb: “Bu siyasət nəticəsində Azərbaycan bu gün İsraillə də, Suriya ilə də eyni masa ətrafında danışa biləcək yeganə ölkələrdən biridir. Bu isə diplomatik etimadın zirvəsidir. İsrail–Suriya münaqişəsinin yumşaldılması Azərbaycanın yaxın coğrafiyasında təhlükəsizlik və sabitlik mühitini gücləndirir. İrana qonşu və strateji əhəmiyyətə malik Suriyada balansın bərpası Azərbaycan üçün iki cəhətdən əhəmiyyətlidir: 1) Təhlükəsizlik: İranın Suriya üzərindən bölgədə təsirini genişləndirməsi Azərbaycanın milli təhlükəsizliyi üçün risklər doğurur. Bakı isə bu təsiri balanslaşdırmaqda maraqlıdır.
2) İqtisadi imkanlar: Yeni Suriya rəhbərliyi ilə enerji və infrastruktur layihələrinə çıxış imkanı əldə etmək Azərbaycanın iqtisadi diplomatiyasına yeni istiqamətlər açır.
Qeyd eləmək lazımdır ki, Azərbaycanla İsrailin müttəfiqlik münasibətləri mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə İsrail-Azərbaycan münasibətləri strateji səviyyəyə yüksəlib. Bu etibarlı əlaqə Azərbaycanın İsrailin xarici siyasətində xüsusi status qazanmasına və Tel-Əvivin Azərbaycanın vasitəçi roluna güvənməsinə səbəb olub. Eyni zamanda Azərbaycanı həm də müsəlman dünyasının etibarlı üzvüdür. İƏT çərçivəsində Fələstin məsələsində ədalətli mövqe nümayiş etdirib, ərəb dövlətləri ilə yaxın münasibətlər formalaşdırıb. Bu isə Bakıya imkan verir ki, həm İsraillə, həm də ərəb dövlətləri ilə eyni vaxtda diplomatik manevr etsin. Bu balanslı siyasət indi Suriya ilə də münasibətlərin yenilənməsində və vasitəçilik təşəbbüsündə öz bəhrəsini verir.
Digər bir məsələ Azərbaycanın qardaş Türkiyə ilə sinxron xarici siyasət modeli qurulmasıdır. Ankara ilə koordinasiyalı diplomatiya nəticəsində Azərbaycan həm türk, həm müsəlman dünyasında söz sahibi olur. İsrail və Türkiyənin də Suriya ilə bağlı ziddiyyətli maraqları olduğu halda, Azərbaycan onların arasında diplomatik körpü rolunu oynamaq imkanını qazanır. Bu isə regionda lider dövlət imicinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsində Azərbaycan artıq BMT, Qoşulmama Hərəkatı, İƏT kimi qurumlarda aktiv və təşəbbüskar üzv kimi tanınır. İsrail–Suriya dialoquna ev sahibliyi və bu istiqamətdə vasitəçilik təşəbbüsü Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir.
Azərbaycanın İsrail–Suriya arasında vasitəçilik təşəbbüsü,
1) milli maraqlara cavab verir,
2) ölkəmizin çoxşaxəli və çevik diplomatiyasının uğurudur,
3) Azərbaycanın regional liderliyini və beynəlxalq nüfuzunu artırır,
4) Qlobal sistemdə “kiçik, amma strateji güc” modelinə uyğun şəkildə yeni mərhələyə keçdiyini göstərir”.