Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun xalis mənfəəti 9 %-dən çox azalıb
Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ili 3,462 milyon manat xalis mənfəətlə başa vurub. SİA İnstitutun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,2 % azdır.
Ötən il Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əsas əməliyyat gəlirləri 21,442 milyon manat (əvvəlki ilə nisbətən 13,4 % çox), sair əməliyyat gəlirləri 11,021 milyon manat (8,6 % çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,541 milyon manat (16,6 % çox), işçi heyəti üzrə xərcləri 14,499 milyon manat (21,8 % çox), amortizasiya xərcləri 5,933 milyon manat (0,5 % çox), sair əməliyyat xərcləri 3,162 milyon manat (22 % çox), mənfəət vergisi ödəmələri isə 866 milyon manat (9,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aktivləri 55,99 milyon manat olub ki, bu da illik müqayisədə cüzi çoxdur. Hesabat dövründə İnstitutun öhdəlikləri 3,4 dəfə azalaraq 744 min manata, balans kapitalı isə 3,3 % artaraq 55,245 milyon manata çatıb.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 min manatdır. İstitutun fəaliyyətinin əsas məqsədi əldə edilmiş bilik və bacarıqlardan düzgün istifadə olunması, qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsidir.