Sosial

Balakəndə 5 ildə ASANlaşan 700 mindən çox müraciət


Balakən regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2020-ci il iyulun 29-da açılıb. Elə həmin il avqustun 17-dən fəaliyyətə başlayan mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, fəaliyyət göstərdiyi müddət ərzində Balakən regional “ASAN xidmət” mərkəzində 712 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe”, uşaqlar üçün əyləncə guşəsi də var.

Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 400-ə yaxın könüllü məzun olub.

Hazırda ölkə ərazisində 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 79 mindən çox vətəndaşın 88 milyondan çox müraciəti daxil olub.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 faiz təşkil edir.