Sosial

Bazarlarda açıq şəkildə satılan qidalar zəhərlənmə riski yaradır?


“Hazırda bazarlarda bir sıra kənd təsərrüfatı məhsulları – kartof, soğan, alma, armud və digər meyvə-tərəvəzlər açıq şəkildə satışa çıxarılır. Bu məhsullar, xüsusilə də qabığı soyulmadan istifadə olunanlar, adətən, daha az risk daşıyır. Lakin çürümüş, xarab olmuş və ya kiflənmiş kartof və soğan kimi məhsullar zəhərlənmə riski yarada bilər. Belə məhsulların istifadəsi zamanı diqqətli olmaq vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Ağa Salamov sözlərinə belə davam edib: “Digər tərəfdən, yüksək riskli ərzaqlar – ət, toyuq, balıq və digər dəniz məhsulları, eyni zamanda süd məhsulları, kərə yağı və s. xüsusi şəraitdə saxlanmalı və satılmalıdır. Bu məhsulların açıq havada, nəqliyyat vasitələrinin arxasında, gigiyenik qaydalara əməl edilmədən satışa çıxarılması ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Məsələn, bəzi bazarlarda (məsələn, “Yaşıl bazar”da) balıq məhsullarının açıq şəkildə, soyuducu olmadan satışına rast gəlinmiş və aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlandığı üçün həmin obyektlər qanunvericiliyə uyğun olaraq fəaliyyətini dayandırmışdır.

Balıq və digər tez xarab olan məhsullar mütləq soyuducu şəraitində – +2°C ilə +4°C arasında saxlanmalı və satış prosesi də bu temperatur rejimində həyata keçirilməlidir. Əks halda, açıq hava ilə təmas nəticəsində məhsulların üzərinə bakteriya və virusların düşməsi, nəticədə isə istehlakçılarda qida zəhərlənməsi halları baş verə bilər. Bundan əlavə, sanitar-gigiyenik normalara da ciddi şəkildə riayət olunmalıdır. Təkcə məhsulların saxlanma şəraiti deyil, həm də satıcının şəxsi gigiyenası, istifadə olunan avadanlıqların təmizliyi və məhsulların düzgün qablaşdırılması da böyük əhəmiyyət daşıyır”.

Ayşən Vəli