Siyasət

DSX və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir


Dövlət Sərhəd Xidmətinin (DSX) və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə şəxsi heyət arasında hərbi intizamın daha da möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin səviyyəsinin artırılması və hərbi qulluqçular arasında hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nin hərbi qulluqçuları və Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər hərbi intizamın qorunmasının dövlətin müdafiə qabiliyyətində oynadığı mühüm rola diqqət çəkib, hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi xidmət zamanı baş verə biləcək hüquq pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat verilib, konkret misallar əsasında təhlillər aparılıb.

Hərbi qulluqçular arasında hüquqi savadlılığın artırılmasının yalnız inzibati tədbirlərlə deyil, həm də tədris, tərbiyə və maarifləndirmə metodlarının tətbiqi ilə həyata keçirilməsinin daha səmərəli nəticələr verdiyi qeyd olunub.