Naxçıvanda bəzi şəhər və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq. SİA-nın məlumatına görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlanmış layihələrdən birinin tender mərhələsi başa çatıb.
Hazırda agentliklə tenderdə qalib gələn şirkət arasında müqavilənin bağlanması prosesi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə start veriləcək.
Qeyd edək ki, təmir-bərpa işləri “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında icra olunacaq. Eyni zamanda, Naxçıvan şəhərinin mərkəzi küçələri və digər rayonların avtomobil yolları ilə bağlı hazırlanan layihələrin də tender mərhələsi davam etdirilir.