Tayvan uğrunda döyüşməyə hazırıq
Böyük Britaniyanın müdafiə naziri Con Hili Böyük Britaniyanın Sakit okean bölgəsində Tayvanla bağlı mümkün qarşıdurma zamanı döyüşməyə hazır olduğunu bəyan edib. SİA “Telegraph”a istinadla xəbər verir ki, nazir bu açıqlamanı Avstraliyanın müdafiə naziri və baş nazirinin müavini Riçard Marlsla birgə çıxışı zamanı verib. Con Hili Tayvan ətrafında Çinin mümkün eskalasiyası fonunda Britaniyanın hansı dəstək addımları atacağına dair jurnalistlərin sualını cavablandırıb:
“Əgər döyüşməyə məcbur olsaq keçmişdə olduğu kimi, Avstraliya və Böyük Britaniya birgə döyüşəcək. Biz birlikdə təlim keçirik və daha hazırlıqlı, yaxşı şəkildə çəkindirici güc nümayiş etdiririk”,- deyə nazir bildirib.
Bu açıqlama Tayvan məsələsində Britaniya rəsmiləri tərəfindən səsləndirilmiş ən sərt bəyanatlardan biri kimi qiymətləndirilir. Bununla belə, Con Hili vurğulayıb ki, o, ümumi mövqedən danışır və Böyük Britaniya Hind-Sakit okean bölgəsindəki mübahisələrin sülh və diplomatik yollarla həllini üstün tutur. “Biz sülhü güclə təmin edirik, gücümüz isə müttəfiqlərimizdən gəlir”,- deyə o əlavə edib.
Britaniya hökuməti daha öncə Tayvan ətrafında münaqişə başverərsə, müdaxilə edib-etməyəcəyi ilə bağlı konkret mövqe bildirməkdən çəkinib. Hazırda isə bölgədə Britaniya Kral Donanmasına məxsus iki daimi patrul gəmisi fəaliyyət göstərir.