Sosial

Azərbaycan və Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub


Özbəkistanın Sosial Tibbi Sığorta Fondunun İcraçı direktorunun birinci müavini Şuxrat İnoyatovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova ilə görüşüb. Agentliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında ötən il imzalanan Anlaşma Memorandumunda 2025-2028-ci illər üçün nəzərdə tuttulan Fəaliyyət Planının prioritet istiqamətlərinin müzakirəsi və icbari tibbi sığorta sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsidir.

Qonaqları Azərbaycanda qəbul etməkdən məmnun olduğunu bildirən N. Bayramova qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi qarşılıqlı etimadın möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın icrasına xidmət edir. Hər iki ölkə rəhbərinin birgə səyləri və əməkdaşlığa verdikləri önəm münasibətlərin inkişafında əsas rol oynayır. Atılan addımlar xalqlarımız arasında mədəni və mənəvi əlaqələrin, Azərbaycanla Özbəkistan arasında uzunmüddətli və etibarlı tərəfdaşlığın qurulmasına şərait yaradır. Bu əməkdaşlıq səhiyyə sahəsində də əhəmiyyətli irəliləyişlərə yol açır. Ötən il agentlik və fond arasında imzalanan memorandum bizə bir çox istiqamətlərdə əməkdaşlıq imkanı yaradır. Ən vacib sahələrdən biri tibbi sığorta üzrə qanunvericiliyin təkmilləşdirilməsidir. Azərbaycan bu sahədə son illərdə mühüm təcrübə toplayıb və bu təcrübənin bölüşülməsi faydalı olacaq”.

Şuxrat İnoyatovun sözlərinə görə, Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq Özbəkistanda icbari tibbi sığorta sisteminin qurulmasında mühüm rol oynayır: “Əldə edilən uğurlar bütün ölkə üzrə əhatəlilik, əhalinin neyrocərrahiyyə, kardiocərrahiyyə və digər yüksək texnologiyalı tibbi xidmətlərə çıxışı, eləcə də səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar bizim üçün olduqca dəyərlidir. Bu təcrübəni böyük maraqla öyrənirik. İmzalanan memorandum isə ölkələrimiz arasında davamlı və sistemli əməkdaşlığın əsasını qoyur, qarşılıqlı bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradır”.

İki gün davam edən görüşlər çərçivəsində agentliyin səlahiyyətli nümayəndələri müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tibbi yardımın maya dəyərinin hesablanması, çağrı mərkəzi xidmətinin təşkili, strateji inkişaf və iqtisadi təhlil, informasiya texnologiyaları, tibbi xidmətlər və dərman vasitələri, maliyyə idarəçiliyi, tibbi planlama, insan resurslarının idarə olunması və inkişafı, həmçinin marketinq, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq kimi sahələr əhatə olunub.

Agentlik və fond arasında imzalanmış Anlaşma Memorandumunun Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. İki qurum arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində 2024-cü ildə Anlaşma Memorandumu imzalanıb və 2025-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq olunub. Memorandumun məqsədi icbari tibbi sığorta ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.