İqtisadiyyat

“Dolların yüksəlməsi idxal olunan məhsulların, xammalın qiymətini artıracaq”


“İnflyasiya yenidən baş verə bilər və bunun əsas səbəbləri həm qlobal, həm də daxili iqtisadi amillərlə bağlıdır. İnflyasiya, ümumiyyətlə, mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin davamlı olaraq artması deməkdir və buna müxtəlif faktorlar təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda dünyada enerji daşıyıcılarının qiymətlərində baş verən dəyişikliklər, ərzaq bazarlarında qeyri-sabitlik və logistika xərclərinin artması bir çox ölkələrdə qiymətlərin bahalaşmasına səbəb olur. Azərbaycanın iqtisadiyyatı da qlobal bazarlardan asılı olduğundan, bu cür dəyişikliklərin ölkə daxilində qiymətlərə təsiri qaçılmazdır. Bundan əlavə, dövlətin pul siyasətində mümkün yumşalma, bazara əlavə pul kütləsinin daxil olması da inflyasiya riskini artıra bilər: “Dolların məzənnəsinə gəlincə, dolların yüksəlməsi həm idxal olunan məhsulların, həm də xammalın qiymətini artıracaq. Azərbaycan idxaldan asılı ölkə olduğuna görə, dolların bahalaşması ilə birlikdə daxili bazarda xüsusilə ərzaq, dərman, texnika və digər idxal məhsullarında qiymət artımları müşahidə edilə bilər. Bu isə inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Digər tərəfdən, dolların bahalaşması milli valyuta ilə yığımlar edənlərin alıcılıq qabiliyyətini azalda bilər, bu da sosial baxımdan müəyyən narazılıqlar yarada bilər.

Hökumət inflyasiyanın qarşısını almaq üçün həm monetar, həm də fiskal tədbirlər görməlidir. Monetar tədbirlər dedikdə, Mərkəzi Bankın faiz dərəcələrini tənzimləməsi və pul kütləsini nəzarətdə saxlaması nəzərdə tutulur. Fiskal tədbirlər isə dövlətin büdcə xərclərini optimallaşdırması, sosial yönümlü proqramlara dəstək verməsi və idxaldan asılılığı azaltmaq üçün yerli istehsalı stimullaşdırmasıdır. Əgər dolların yüksəlişi davamlı xarakter alarsa və qlobal bazarlarda qiymət artımları sürətlənərsə, inflyasiya təzyiqləri daha da güclənə bilər. Buna görə də strateji ehtiyatların gücləndirilməsi, yerli istehsalın artırılması və iqtisadiyyatın diversifikasiyası bu risklərin qarşısını almaq üçün ən vacib addımlardır”.