Dünya

ABŞ neftin qiymətini “çökdü”..?





Bazarda nə baş verir..?



Dünya bazarlarında neft ucuzlaşıb. İyulun 31-i səhər saatlarında Brent markalı neftin sentyabr fyuçersləri 18 sent və ya 0,3 faiz ucuzlaşaraq 73,06 dollar/barelə düşüb. Oktyabr müqaviləsi 26 sent və ya 0,4 faiz azalaraq 72,21 dollar/barel olub. Eyni zamanda, WTI markalı neftin sentyabr fyuçersləri 17 sent ucuzlaşaraq bir barel üçün 69,83 dollar olub.

Öz növbəsində ekspert dairələri qeyd edirlər ki, qiymətin belə ucuzlaşması bazarın ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı bəyanatlarına reaksiyası olub.

SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir.

Onlar xatırladıblar ki, Tramp yaxın 10-12 gün ərzində Rusiyanın ticarət tərəfdaşlarına qarşı yeni tariflərin tətbiqini elan edib – bu şərtlə ki, bu müddət ərzində Kreml müharibənin dayandırılması istiqamətində real addımlar atmasın.

…Rusiya neftini idxal edən ölkələrə tətbiq edilən ikinci dərəcəli tariflərin tədarükün azalmasına gətirib çıxaracağı ilə bağlı narahatlıqlar alıcı marağı artırmağa davam edir…

Eyni zamanda, ABŞ Çinə Rusiya neftini almağa davam edərsə, yüksək tariflərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Bu, hesabatda deyilir.

Analitiklərin fikrincə, neftin ucuzlaşmasına təsir edən digər amil “ABŞ-da neft ehtiyatlarının gözlənilməz artmasıdır”. Buna səbəb ixracın azalması olduğu vurğulanır. Eyni zamanda, analitiklər benzin ehtiyatlarının azalmasının gözləniləndən çox olduğunu deyirlər. Hansı ki, “neft bazarına ümumi neytral təsir göstərir”.

Əli Babayev