Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 31-də davam etdirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tankəleyhinə minanın partladığını bildirib. O, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədən xəsarətləri aldığını söyləyib.
E.Məmmədov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib. “Fikrimcə, mina diversiya nəticəsində sonradan yerləşdirilib”, – deyə o əlavə edib.
Onunla eyni avtomobildə olmuş, hadisə nəticəsində yaralanmış zərərçəkmiş şəxs Şöhrət Cəfərov E.Məmmədovun söylədiklərini təsdiqləyib və deyib: “Biz dörd nəfər “KamAZ” markalı avtomobilin sərnişin bölməsində idik. Digər üç nəfər həlak oldu, mən isə təsadüf nəticəsində, bir möcüzə sayəsində sağ qaldım”.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Ağarza Əmirov 2012-ci ildə Tərtər rayonunun Çaylı kəndində hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını bildirib.
Kamran Namazov ifadəsində deyib ki, 2021-ci il mayın 11-də Gədəbəydə kənd təsərrüfatı işləri ilə məşğul olarkən minaya düşüb, ayağı amputasiya edilib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı Səddam Nəsibovun da xəsarət aldığını söyləyib.
Zərərçəkmiş şəxs Səddam Nəsibov ifadəsində K.Namazovun dediklərini təsdiqləyib.
İlqar Həşimov ifadəsində 2020-ci il dekabrın 21-də Zəngilanda həqiqi hərbi xidmət zamanı “Ural” markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək xəsarət aldığını söyləyib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında hadisə zamanı daha iki nəfərin xəsarət aldığını deyib.
Ramazan Sindiyev hərbi xidmət zamanı 2016-cı ilin avqustun 4-dən 5-nə keçən gecə Lələtəpədə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Əfqan Ələkbərli ifadəsində 2023-cü il avqustun 24-də Xocalının Sığnaq kəndində kənd təsərrüfatı işləri görərkən minaya düşərək yaralandığını deyib.
Sevda Bəşirova ifadəsində Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 3-də Ermənistan silahlı qüvvələrinin Beyləqan rayonunu artilleriya atəşinə tutması nəticəsində qəlpə yaraları aldığını deyib.
Fərid Əliyev ifadəsində 2021-ci ilin avqust ayında ANAMA əməkdaşı qismində minatəmizləmə işləri zamanı Ağdamda mina partlayışı nəticəsində xəsarətlər aldığını söyləyib.
İfadə verən Dəyanət Aslanov, Hacı Muradov, Toğrul Ağayev, Nahid İsfalyev, Müşfiq İbrahimli, Elnur Yusifov, Tərlan Quliyev, Mənsur Babayev, Şirin Abbasov 2020-ci ildə Vətən müharibəsi zamanı müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını söyləyiblər.
İfadə verən Rafis Məmişov və Azad Muxtarov 2021-ci il fevralın 2-də mülki şəxs qismində Füzuli rayonunun işğaldan azad edilmiş hissəsində minaya düşərək xəsarət aldıqlarını bildiriblər.
Zərərçəkmiş İman Baxşəliyev 2021-ci il martın 13-də Ağdamda qoyun otararkən minaya düşərək sağ ayağını itirdiyini söyləyib.
Zərərçəkmiş Nurəddin Əzizli ifadəsində 2021-ci il fevralın 26-da Qubadlı rayonunda hərbçi kimi minatəmizləmə işləri apararkən mina partlaması nəticəsində xəsarətlər aldığını söyləyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında ərazidən təxliyə zamanı da mina partlayışı baş verdiyini, nəticədə xəsarət alanların olduğunu bildirib.
İfadə verən Rahil Dövlətov, Anar Dadaşzadə, Zabil Allahverdiyev, Tural İşiyev, Nicat Alıyev, Səbuhi Həsənov, Elnur Abbaszadə, Elnur Həşimov, Nəsrəddin Vəlicanov, Dəmir Şirinov və Ceyhun Əliyev Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində müxtəlif tarixlərdə zərər çəkdiklərini deyiblər.
Zərərçəkmiş Ələkbər Musayevin hüquqi varisi – atası Əlövsət Musayev ifadəsində oğlunun Vətən müharibəsi zamanı düşmən tərəfindən açılmış atəşlər nəticəsində şəhid olduğunu, nəşinin 2021-ci il aprel ayında tapıldığını söyləyib.
Zərərçəkmiş Asəf Məhərrəmovun hüquqi varisi – atası Bəxtiyar Məhərrəmov övladının Vətən müharibəsində düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandığını, səhhətində hələ də ciddi problem olduğunu deyib.
Siyasət Allahverdiyev 2022-ci il dekabrın 14-də Kəlbəcərin Çıraq kəndində ekskavatorla işləyərkən baş vermiş mina partlayışı nəticəsində xəsarətlər aldığını söyləyib.
Elmxan Baxşalıyev 1992-ci il dekabrın 10-da Zəngilanın Qazançı kəndində əsir götürüldüyünü bildirib. O, Ermənistanda və Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində saxlanılıb. 1996-cı il mayın 10-da azad olunaraq Azərbaycana qaytarılıb. Əsirlik müddətində döyülüb, dəhşətli işgəncələrə və qeyri-insani rəftara məruz qalıb.
Dəyanət Zahidov 2015-ci ildə Tərtər-Ağdərə istiqamətində, Elxas İsrafilov 2022-ci ildə Laçında hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində xəsarət aldıqlarını bildiriblər.
Çingiz Hacıyev ifadəsində bildirib ki, 1991-ci ildə Xocalının Quşçular kəndində heyvan otaran zaman əlisilahlı ermənilər tərəfindən hücuma məruz qalıb və yaralanıb.
Xalid Dostalıyev ifadəsində 1995-ci il avqustun 17-də 6 nəfər hərbçi ilə birlikdə Murovdağda azaraq Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərinə keçdiyini, nəticədə əsir götürüldüklərini bildirib.
Vəlizadə Alışanov 1992-ci il oktyabrın 21-də Sərsəng su anbarının yaxınlığında düşmən tərəfindən pusquya salınması nəticəsində yaralandığını deyib.
Onun qardaşı Dağıstan Alışanov da zərərçəkmişin ifadəsini təsdiqləyək hadisə zamanı özünün də yaralandığını söyləyib.
Asif Əhmədov ifadəsində 2020-ci il noyabrın 15-də qardaşı Yasin Əhmədovla birlikdə minaya düşdüyünü bildirib. Nəticədə qardaşı şəhid olub, özü isə bir ayağını itirib. Onun digər qardaşı Yusif Əhmədov isə 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olub.
Məhəbbət Quliyev ifadəsində 2020-ci il oktyabrın 7-də Cəbrayılda və 2023-cü ildə antiterror əməliyyatı zamanı yaralandığını bildirib.
Elməddin Abıyev ifadəsində bildirib ki, 2003-cü il yanvarın 8-də Ağdamda postda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb. O, daha sonra əsir götürülərək Xankəndiyə aparılıb. Əsirlikdə bir ay saxlanılıb, fevralın 6-da buraxılıb.
Elnur Kərimov ifadəsində deyib ki, 1999-cu ildə Naxçıvanda hərbi xidmətdə olarkən əsir götürülüb. Əsirlik müddətində işgəncələrə məruz qalıb.
Mülki şəxslər – Maarif Ələskərov, Samir Əsədov, Vüsal Quliyev, Füzuli Məmmədov, Sahib Ağayev, Duman Atayev, Samir Bayramov, Nizami İbrahimov, Alman Abbasov 2020-ci ildə Vətən müharibəsi zamanı müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.
Ramil Kərəmov 2020-ci il noyabrın 22-də Laçın rayonunda təcili tibbi yardım avtomobili ilə gedərkən, Ələsgər Quliyev, Fərid Cəbrayıllı, Əli Şükürov, Mahir Mustafayev, Samir Gözəlov 2022-ci il iyunun 17-də Cəbrayıl rayonunun Xudafərin kəndində, Yadigar Şükürov 2022-ci il avqustun 2-də Füzuli rayonunda, Nəcməddin Hüseynov 2022-ci il avqustun 30-da Qubadlı rayonunda, Vüqar Zülfüqarlı 2022-ci il martın 23-də Füzulidə, Namaz Bayramov 2023-cü il oktyabrın 13-də Xocavənddə, Şükür Tağıyev və Vasif Namazov Kəlbəcərdə mina partlaması nəticəsində yaralandıqlarını söyləyiblər.
Məhərrəm Quliyev ifadəsində 1992-ci il oktyabrın 2-də əsir götürüldüyünü, 1 ay 10 gündən sonra buraxıldığını deyib. O, əsirlik müddətində dəhşətli işgəncələrə məruz qaldığını bildirib.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.