Sosial

Dəb, yoxsa dəyərlərin məhvi?


Yay fəsli gələr-gəlməz şəhər küçələrində, park və ictimai yerlərdə bir mənzərə diqqət çəkir: gənc qızların geyim tərzi artıq yalnız dəb deyil, cəmiyyətin mənəvi simasını əks etdirən bir güzgüyə çevrilir. Topinq, qarın nahiyəsinin açıq qalması, bədən xətlərinin sərgilənməsi… Bu, sadəcə geyim tərzi sayıla bilərmi? Yoxsa daha dərin bir problemin milli-mənəvi dəyərlərdən uzaqlaşmanın işarəsidir?

Əlbəttə, hər kəsin öz geyim seçimi var və bu, şəxsi azadlıq məsələsidir. Amma bu azadlıq cəmiyyətin əxlaqi və mədəni mühitinə zidd düşməməlidir. Biz Şərq sivilizasiyasının, İslam mədəniyyətinin bir parçasıyıq. Min illərlə formalaşmış mənəviyyat, ailə tərbiyəsi, qadına olan hörmət, həyaya dəyər verən toplumda açıq-saçıq geyimin “müasirlik” kimi təqdim olunması artıq sadəcə bir zövq məsələsi deyil bu, bir kimlik məsələsidir.

Dəb keçicidir. Bu gün var, sabah yox. Amma dəyərlər millətlərin ruhudur. Əgər biz bu gün ailə tərbiyəsini, mənəvi normaları gözardı edərək “geyim sərbəstliyidir” deyə hər şeyi haqq qazandırırıqsa, sabah qızlarımıza necə örnək göstərəcəyik? Biz bu torpağın övladıyıq, tariximizin, ədəbiyyatımızın, adət-ənənəmizin daşıyıcısıyıq. Xurafatla deyil, sağlam təfəkkürlə, milli-mənəvi özünüdərk hissi ilə yaşamalıyıq.

Cəmiyyətin görünən tərəfi qadındır. Qadının özünü təqdim etmə forması təkcə onu yox, bütövlükdə ailəsini, mənsub olduğu cəmiyyəti, dəyərləri əks etdirir. Biz istəyirik ki, Azərbaycan gəncliyi həm savadlı, həm zövqlü, həm də mənəviyyatlı olsun. Amma mənəviyyatla zövqün ziddiyyət təşkil etdiyi yer yoxdur. Sadəcə, bəzi hallarda bu zövq xaricdən idxal edilir və “müasirlik” adı ilə mənəviyyatımızın altını oyur.

Biz Avropa ilə ayaqlaşa bilərik, amma öz kimliyimizi itirmədən. Biz dəbli ola bilərik, amma təmkinimizi, həya və hörmət sərhədlərini qoruyaraq. Bizim milli qadın obrazımız çılpaq bədənlə yox, zəngin mənəviyyatla, mədəniyyətlə, zəkayla ön plana çıxmalıdır.

Bəzən “Avropada da belə geyinirlər” arqumenti ilə açıq-saçıq geyimlərə haqq qazandırılır. Ancaq unuduruq ki, Avropa cəmiyyətləri öz dəyərləri üzərində qurulub və bu dəyərlər arasında məsuliyyət, sərhəd tanıma və ictimai normaya uyğun davranış ön plandadır. Məsələn, bir çox Avropa ölkəsində məktəblərdə və iş yerlərində müəyyən geyim qaydaları var. Hətta bəzi hallarda açıq geyimə məhdudiyyətlər tətbiq olunur. Onlar azadlığı məsuliyyətlə və ictimai uyğunluqla tarazlayırlar.

Üstəlik, Avropada azadlıq yalnız geyimlə deyil, düşüncə azadlığı, elmi bilik, mədəni yaradıcılıq və vətəndaş məsuliyyəti ilə ölçülür. Yəni azadlıq bədən nümayişi ilə yox, cəmiyyətə fayda verməklə dəyər qazanır. Biz də bu cür azadlığa can atmalı, xarici görünüşə deyil, daxili keyfiyyətlərə üstünlük verməliyik.

Müsəlman bir toplum olaraq isə biz yalnız adət-ənənəyə yox, eyni zamanda inancımıza da əsaslanırıq. İslamda geyim tərzi həm şəxsiyyətə, həm də cəmiyyətə hörmətin göstəricisidir. Həya və təmizlik yalnız zahiri deyil, mənəvi bir haldır. Gözəl geyinmək, baxımlı olmaq İslamda təşviq olunur lakin bu, təmtəraq və nümayiş məqsədi ilə deyil, nizam və ədəb çərçivəsində olmalıdır.

Əgər seçim qarşısındayıqsa dəb, yoxsa dəyərlər o zaman tərəddüdsüz “dəyərlər” deməliyik. Çünki dəb keçəcək, dəyərlər isə bizi ayaqda saxlayacaq.

Bəlkə bir daha düşünək…

Yusif Quliyev